Səməd Rəhimli: "Polis özü də yerli icra hakimiyyəti orqanına müraciət edə bilərdi"

Səməd Rəhimli: "Polis özü də yerli icra hakimiyyəti orqanına müraciət edə bilərdi"
24 Mart 2021
Mətni dəyiş

Martın 22-si sosial şəbəkələrdə Sevinc Məhərrəmova adlı qadının həyat yoldaşının işgəncələrinə məruz qalmasına dair məlumatlar paylaşılıb. Qadın evdən çıxıb və əri ilə bağlı polisə şikayət edib. 3 və 4 yaşlı oğullarının ərində qaldığını və təhlükədə olduğunu deyən Məhərrəmova mətbuat və feministlərlə birlikdə övladlarını götürmək üçün evinə yollanıb.

Bundan əvvəl müşayət üçün Daxili İşlər Nazirliyinə müraciət etsələr də, nazirlik ekspertizanın təyin olunduğunu və hələlik uşaqların atadan alınması üçün heç bir hüquqi əsasın olmadığını bildirərək, müdaxilə etməyib.

Feminist fəallarla və mətbuatla birlikdə öz evinə yollanan qadın uşaqları atasından ala bilməyib. Uşaqların atası uşaqları verməyəcəyini və etdiyi əmələ görə də cəza çəkməyə hazır olduğunu bildirib. Şəxsin bu etiraf xarakterli sözlərindən sonra feministlər yenidən müdaxilə üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxlasalar da, polis müdaxilə etməyib.

"Burada hər iki tərəfin hüquqları var"

Abzas.net məsələ ilə bağlı ekspertlərlə danışıb.

Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, Məişət zorakılığının qarşısının alınması haqqında qanunda polisin rolu kifayət qədər aydın göstərilməyib.

Onun sözlərinə görə, polis bu sahədə nə edirsə, digər qanunvericilik aktlarına istinad edərək edir.

"Xarici ölkələrin nümunələrində, belə hallarda qəyyumluq şöbələri dərhal fəaliyyətə keçməlidir, bizdə də bayram ərəfəsidir və bu şöbədə iş günü olmayıb. Polis burada həqiqətən müdaxilə edə bilməzdi, çünki hətta boşanma hallarında da bu barədə ancaq məhkəmə qərar verə bilir. Yəni burada hər iki tərəfin hüquqları var", - deyə o, vurğulayıb. Mehriban Zeynalova deyir ki, hər iki şəxsin psixoloji durumu yoxlanmalıdır, uşaq hələlik zorakılıq törədən tərəfin yanında qalmamalıdır, ananın da psixoloji vəziyyəti normal deyilsə, uşaqlar dövlətin qərarı ilə müvəqqəti olaraq harasa yerləşdirilmlidir.

Onun sözlərinə görə, psixoloji rəydən məlum olsa ki, uşaq atasının yanında təhlükədə deyil, məhkəmənin qərarına kimi onun yanında qala bilər.

"Xarici ölkələrdə psixoloji mərkəzlər dərhal rəy verir və bu rəy nəzərə alınır. Bizdə isə yalnız dövlət qurumlarının rəyləri nəzərə alınır, bax problem budur. Polis öz işini görüb, hadisəyə dərhal reaksiya verib və ekspertizaya göndərib. Amma uşağı götürmək səlahiyyətləri olmadığına görə, heç kim bunu onlardan tələb edə bilməz. Təəssüf ki, bəzən qanunu bilməyənlər polisin qarşısında hədsiz tələb qoyurlar. Ancaq uşaq almaq polisin işi deyil, bunu məhkəmə və yerli icra hakimiyyəti orqanları edə bilər", - deyə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd edib.

"Polis özü də mühafizə orderi üçün yerli icra hakimiyyəti orqanına müraciət edə bilərdi"

Hüquqşünas Səməd Rəhimli isə düşünür ki, qadının həmin şəxslə rəsmi nikahla ailə qurmaması və eyni zamanda hələlik ekspertiza rəyinin olmaması problemlərə yol açıb.

Onun sözlərinə görə, qadınının və uşaqlarının sənədləri, xəsarətin dərəcəsi ilə bağlı ekspertiza rəyi yoxdur və buna görə də növbəti addımlar atıla bilmir.

Ancaq Rəhimli bu halda da polisin ata biləcəyi addımların olduğunu bildirib.

"2010-cu ildə Azərbaycanda məişət zorakılığının qarşısının alınması haqqında qanun qəbul edilib. Əgər ortada məişət zorakılığı faktı varsa, təhqiqat orqanları həmin qanuna uyğun olaraq əlavə addımlar ata bilər. Hətta qadının sənədləri olmasa belə, zorakılıq uşaqlara yönəlik edilməsə belə polis məişət zorakılığının qarşısının alınması haqqında qanunda ifadə olunan yetkinlik yaşına çatmayanların üstün mənafeyi prinsipini əsas tutaraq yerli icra hakimiyyəti orqanına müraciət edib, ortada uşaqlarla bağlı risk olduğunu deyib, onlardan müdafiə orderi alaraq müdaxilə edə bilərdi. Ancaq bu hal qanunvericilikdə birbaşa yazılmayan proses olduğuna görə, çox güman ki, polisdə də belə bir maraq olmayıb", - deyə hüquqşünas Səməd Rəhimli bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun