Hüquqşünas: "Açıqlama verilməlidir ki, ərəblər silahı hardan əldə ediblər?"

Hüquqşünas: "Açıqlama verilməlidir ki, ərəblər silahı hardan əldə ediblər?"
26 Mart 2021
Mətni dəyiş

Martın 25-də sosial şəbəkələrdə ərəb turistlərin Qax rayonunda müxtəlif quş növlərini, əsasən də durnaları ovladıqları barədə görüntülər yayılıb. Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra ictimai qınaq yaradıb. 

Feysbukda ekoaktivistlərin idarə etdiyi "ecofront" səhifəsində yayılan məlumatlar ilk vaxtlar rəsmi dövlət qurumlarının səssizliyi ilə müşayət olunub.

"Ecefront" yazıb ki, qarşılarına çıxan hər şeyi məhv edirlər. Heç bir qırmızı xətt yoxdur. Ovlar arasında nadir Qafqaz durnası da var.

Daha sonra, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə mətbuata açıqlama verərək bildirib ki, Qaxın Acınohur ərazisində xarici turistlərin qanunsuz ov hallarına yol verməsi barədə sosial şəbəkələrdə və mətbuatda  yayılan məlumatlar, foto və video materiallar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Onun sözlərinə görə, bəzi görüntülərdə və yerində aparılan araşdırmalarda qanun pozuntuları müəyyən edildiyindən iki əcnəbi turist Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərinin pozulmasına və təbiətə vurulmuş ziyana görə cərimələnib. Buna cavab olaraq isə ekoaktivist Cavid Qara ərəblərdən ikisinin şəklini paylaşaraq sual edib: "Fotodakı iki şəxs Şeyx Zayed ibn Məhəmməd ibn Butti əl-Həmid və qardaşı Saifdir. Qardaşları Abdulla Əbu Dabi əmirliyinin nazirlərindən biridir. Fotonu bəyənən və rəy yazan şəxs də Şeyx Arahmah əl-Qasimidir. Ras əl-Xayma əmirliyinin şahzadələrindən biri. Siz həqiqətən inanırsınız ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bunları cərimələyə bilər?"

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, baş verənlərin ən üzücü tərəflərindən biri də odur ki, çox nadir olan quş növləri də ovlanır, hansı ki, onların sayı qırmızı kitaba düşüb.

Hüquqşünas deyir ki, hətta hüquqi baxımdan icazələri olsa belə, bəzi canlıların qorunması baxımından onların ovlanması olmaz.

"Quşların indi geri dönmə və balalama dönəmidir. Bu dönəmdə heç bir halda icazə verilməmlidir quşların ovlanmasına. Quşların ovlanma dönəmi sentyabr ayından sonra, qış aylarında ola bilər. Ancaq indiki halda artıq mart gəlib, quşlar yuva qurub, bəziləri bəlkə yumurta da qoyub və bu məqamda onlar ovlanır. Bu da həmin quş nəslinin ümumiyyətlə tükənməsinə yönəlikdir", - deyə Ələsgər Məmmədli bildirib.

Hüquqşünas deyir ki, ciddi məqamlardan biri də odur ki, Azərbaycanda ov standartları formalaşmamış pullu ərəblərin rahatlıqla ov etməsi insanlarda o təsəvvürü yaradır ki, işin içində korrupsiya var.

Onun sözlərinə görə, normalda sadə bir adamın ov alətləri ilə, quşları ilə, silahı ilə gömrüyü keçib gəlmə şansı yox idi.

"Bu şəxslərin gömrükdən silah keçirməsi Gömrük Komitəsinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin məşqul olmalı olduğu məsələdir. Bu məsələdə bu qurumların hər birinin ayrı-ayrılıqda məsuliyyəti var. O ərazinin polis şöbəsi hara baxır ki, onlar orda silahla istədikləri kimi davranırlar? Əgər belə davrana bilirlərsə, hansı əsasla davranırlar? Məsələn, mən əlimə silah alıb ora gedə bilmərəm, rahatlıqla silah da əldə edə bilmərəm. Əldə etmək üçün ovçular cəmiyyətinə üzv olmalıyam, oranın üzvülük qaydaları ilə Daxili İşlər Nazirliyinə müraciət etməliyəm və ondan sonra silah ala bilərəm. Bütün bu prosedurları keçibmi bu insanlar? Keçibsə, necə keçib? Çünki xaricilərin Azərbaycanda silah əldə etmə prosedurları biraz fərqlidir və gömrükdən keçirmədə də fərqli prosedurlar var. Bütün bunlar hamısı sual yaradır. Mən buna görə dedim ki, işin içində korrupsiya ehtimalı da var", - deyə Hüquqşünas Ələsgər Məmmədli bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun