Gürcüstanın Hökumət Administrasiyası azərbaycanlıların təmsil olunduqları 10 qeyri-hökumət təşkilatının Novruz bayramı günündə ölkədə tətbiq olunan komendant saatının ləğvi ilə bağlı müraciətini cavablandırıb.
Bu barədə “Aktual Media” təşkilatının rəhbəri İlkin Hüseynov məlumat verib.
Onun sözlərinə görə, cavab məktubunda müraciətin Dini Məsələlər üzrə Dövlət Agentliyinə göndərildiyi bildirilib: “Hökumət Administrasiyası agentlikdən göstərilən sualları səlahiyyətlərinə uyğun olaraq nəzərdən keçirməsini və nəticə barədə maraqlı tərəfə məlumat verməsini xahiş edib”.
QHT-lərin müraciəti Hökumət Administrasiyasına martın 11-də təqdim olunub. Sənəddə Novruz bayramının ənənələrinə uyğun keçirilməsi ilə qanun pozuntusuna yol verilməməsi üçün martın 21-də komendant saatının bir günlük aradan qaldırılması təklif olunub.
Gürcüstan hökuməti bu ilin yanvarın 6-dan 7-nə keçən gecə Milad bayramı ilə əlaqədar olaraq komendant saatını bir günlük ləğv etmişdi.
Azərbaycanlıların müraciətinə baxılması üçün Dini Məsələlər üzrə Dövlət Agentliyinə yönəldilməsi təsdiqləyir ki, Gürcüstanda Novruz bayramı yazın gəlişini simvolizə edən və dünyəvi deyil, yanlış olaraq dini bayram kimi qəbul edilir.