Martın 17-də Gürcüstanda yerli azərbaycanlılara məxsus olan bir qrup QHT və ictimai fəal Novruz bayramını keçirmək üçün bir günlük də olsa komendat saatının ləğv edilməsi üçün hökumətə müraciət ünvanlamışdı. Hökumət isə bu müraciəti cavablandırmaq üçün Dini Məsələlər üzrə Dövlət Agentliyinə yönləndirmişdi. Nəticədə gürcü hökuməti müraciətə mənfi cavab vermişdi.
Hökumətin verdiyi mənfi cavaba baxmayaraq yerli fəallar martın 21-də bir günlük komendant saatını pozacaqlarını və Novruz bayramını keçirəcəklərini bəyan etmişdilər.
Məsələ ilə bağlı Borçalının mərkəzi rayonlarından biri olan Marneulidə yaşayan və bu il Borçalıda Novruz bayramının ictimai şəkildə keçirilməsinin təşəbbüskarlarından biri, ictimai fəal
Samirə Bayramova Abzas-a danışıb.
[caption id="attachment_98081" align="alignnone" width="1080"]
Gürcüstanda yaşayan azərbaycanlı fəal Samirə Bayramova.[/caption]
O deyib ki, "Yeni il bayramında gürcü hökuməti bir günlük komendat saatını ləğv etsə də, biz hökumətə müraciətmizdə bu məsələni qabartmamışdıq, sadəcə olaraq bilirdik ki, pandemiya dövründə istisnalar ola bilər. Biz indi pandemiya dövrünün tənzimləmələrini, insanların özlərini necə aparmalı olduqlarını daha yaxşı bilirik. Eyni zamanda artıq koronavirusa qarşı vaksinlər gəlib, yoluxanların sayı həddsiz dərəcədə azalıb, ona görə də müraciətimizi əsaslı hesab etdik və onun qəbul edilməsini gözlədik. Ancaq çox təəssüflər olsun ki, dövlət etnik azlıqlarla bağlı diskriminativ addım atdı, bizim müraciətə birbaşa cavab verilmədi. Dövlət Administrasiyası yanında pandemiya ilə bağlı koordinasiya şurası yaradılıb, o şura brifinq keçirərkən Novruz bayramı ərəfəsində komendat saatının ləğv olunamayacağını bildirdi".
Bu il Borçalıda Novruz bayramını keçirmək üçün ilk təşəbbüs Ümumgürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri şeyx Mirtağı Əsədovdan gəlib. O martın 20-də günorta saatlarında xalqı, ictimai fəalları və QHT-ləri Novruz bayramı keçirməyə çağırıb. Çağırışa Gürcüstanın müxtəlif yerlərindən çoxlu yerli azərbaycanlılar qoşulub.
[caption id="attachment_98083" align="alignnone" width="960"]
2021-ci il martın 21-də Marneulidə keçirilən Novruz şənliyi.[/caption]
Samirə Bayramova deyir ki, Novruz bayramından bir neçə gün öncə öz facebook səhifəsində Novruz bayramını ictimai şəkildə keçirəcəyini və komendat saatını pozacağını elan edib və bayramı qeyd edərkən istəyənlərin ona qoşulmalarını istəyib. Bundan əlavə o Gürcüstandakı müxalif partiyalara, insan haqqları təşkilatlarına, etnik azlıqlarla işləyən başqa təşkilatlara çağırış edib ki, son günlər Gürcüstanda etnik azlıqların hüquqlarının pozulmasına səssiz qalmasınlar.
Beləliklə martın 21-də Samirə Bayramovanın təşəbbüsü ilə Marneuli şəhərində həm Marneulidən, həm də Gürcüstanın müxtəlif bölgələrindən olan azərbaycanlılar komendat saatını pozaraq Novruz bayramını qeyd ediblər.
Samirə Bayramova Abzas-a deyib ki, qəribədir ki, bayram tədbirləri Marneuli bələdiyyəsinin önündə keçirilsə də nə hökumət nümayəndələri, nə də polis gözə dəyməyib. Heç kim onlardan bayram tədbirlərini dayandırmağı tələb etməyib, ancaq polis tədbirdə iştirak edənlərin təhlükəsizliyini qorumalı olduğu halda heç bunun üçün də əraziyə gəlməyib.
[caption id="attachment_98084" align="alignnone" width="1152"]
2021-ci il martın 21-də Marneulidə Novruz yürüşü.[/caption]