Dünyaya "azərbaycanlı obrazı" lazımdırmı?

Dünyaya "azərbaycanlı obrazı" lazımdırmı?
12 Mart 2021
Mətni dəyiş

Uzun illərdir dünyada azərbaycanlı obrazı necədir, necə olmalıdır mövzusunda qızğın müzakirələr gedir. Hər kəs öz baxış bucağından dünyaya təqdim etmək istədiyi azərbaycanlı obrazının şəklini çəkir. Cəmiyyətin böyük əksəriyyəti təsəvvüründəki ideal azərbaycanlı obrazını müharibə dövründə kişilərin, 8 mart ərəfəsində isə qadınların timsalında təqdim etməyə çalışdı. Amma məncə dünyanı düşündürəcək ən axırıncı mövzu da "azərbaycanlı obrazı" mövzusu deyil. 

Müharibə dövründə ən çox eşitdiyimiz cümlələr "Milli qeyrətimizi qoruduq", "Dünyada artıq Azərbaycana qürursuz xalq kimi baxmırlar", "Artıq dünyada alnımız açıq, başımız dikdir" kimi pafoslu və bir o qədər də düşündürücü cümlələr oldu. Hətta Qərb ölkələrində yaşayan bəzi jurnalistlər biraz da irəli gedib yazdılar ki, artıq hansısa xarici vətəndaşla utanmadan söhbət edə, azərbaycanlıyıq deyə bilirik. Açığı, bunu oxuyanda xeyli fikrə getdim, məgər doğurdanmı dünyada insanlara münasibət belədir? Məsələn, Amerikanın Şimali Dakota ştatında yaşayan Conla söhbət edirsən və o sənin azərbaycanlı olduğunu biləndə səni aşağılayır, "Hahahahahaha, sizin torpağınız işğal edilib ahahaha" deyib gülür? Doğurdanmı bir amerikalı sizin torpağınız işğalda olub deyə sizə qeyrətsiz kimi baxır, qürursuz xalq kimi görür? Necə bu qədər sadəlöhv ola bilirsiniz, primitiv düşünürsünüz? Ağır pandemiya dövrüdür, qlobal istiləşmə dünyada ciddi təhdidlər yaradıb, BMT-nin hesabatlarına görə dünyada müxtəlif təbəqədən olan milyonlarla insan aclıqla üz-üzədir və sizcə belə bir vəziyyətdə bu hansı səviyyədə nağıldır?

8 mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biri "Azərbaycan qadını necə olmalıdır" mövzusu idi. 8 martda Bakının mərkəzində feministlərin təşkil etdiyi aksiyalar da bu müzakirəni xüsusi qızışdırdı. Hər kəs feministləri linç edib, təsəvvüründəki "azərbaycanlı qadın" obrazından yazdı. Bu müzakirələrin bizim mövzumuzla əlaqəli cümləsi millət vəkili Eldar Quliyevdən gəldi: "Aksiya edən qadınlar bizi dünyada biabır etdi".

Bu fikirdən sonra yenə mənzərəni xəyalımda canlandırmaq istədim. Təsəvvür edin, Miçiqan ştatından olan Ton axşam məhəllədə dostları ilə söhbət edir və deyir ki, "baxdınız da, Azərbaycanda qadınlar aksiya edirdi, bu qədər də biabırçılıq olmaz". Bunun əksini düşünsək, təsəvvür edirsinizmi ki, bu aksiya baş tutmur və amerikalılar öz aralarında hər zaman azərbaycanlı qadınlardan danışanda deyirlər ki, "İlahi, necə də namusludurlar".

Heç bir sosioloji sorğu və xüsusi araşdırma etmədən, bunları düşünmək üçün bir dəfə ağıl işlətməli olsaq, əsirinə çevrildiyimiz nağıllardan xilas olarıq. İndi dünya üçün ən maraqsız mövzu bizim obrazımızdır. Fikirlərin girovuna çevrilməyin, həyatınızı xoşbəxt və faydalı yaşayın. Köhnə matorlar havaya hər zaman zərərli tullantılar buraxır, özünüzü zəhərlənməkdən qoruyun...

Abzas.net

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun