Son rəqəmlərə görə, hər gün Azərbaycanda 10 mindən çox insan koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunur. Hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 400 minə yaxın insan peyvəndlənmə prosesində iştirak edib. Ancaq digər ölkələrlə müqayisədə Azərbaycanda peyvəndləmə prosesinin ləng getdiyi görünür. Azərbaycanda peyvəndləmə prosesinin sürətli təşkilində yaranan problem nədir?
Abzas.net bu barədə ekspertin və rəsmi qurumların fikirlərini almağa çalışıb.
Professor, həkim Adil Qeybulla deyir ki, ”COVAX” proqramı çərçivəsində Azərbaycana peyvəndlərin gətirilməsi baş tutmadı və Azərbaycan məcbur olub Çin vaksinlərini aldı, buna görə də proses biraz uzandı. Onun sözlərinə görə, digər tərəfdən də vaksinasiya prosesinin təşkilində ləngimələr var: "Risk qrupunu zamanında müəyyən etmək lazım idi, müəllimləri, həkimləri, jurnalistləri. Sonra da əhali sürətlə peyvəndlənməli idi. Sistem qurulmalı idi və peyvəndlənən şəxslərin məlumatı o sistemə düşməli idi, beləliklə peyvəndlənmə hər yerdə sürətlə aparılmalı idi. Biz o sistemi də qura bilmədik. Ona görə də belə problem yarandı", - deyə Professor, həkim Adil Qeybulla vurğulayıb.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə (TƏBİB) əlaqə saxladıq. Mətbuat xidmətindən bildirildi ki, TƏBİB yalnız bölgələrdə vaksinasiyanı təşkil edir, bu prosesi Bakı şəhəri üzrə Səhiyyə Nazirliyi aparır. Məsələ ilə bağlı TƏBİB-dən şərh almaq mümkün olmadı.
Səhiyyə Nazirliyi isə müraciətimizi cavabsız qoydu. Ancaq bundan sonra nazirlikdən məsələ ilə bağlı ümumi açıqlama verildi. Açıqlamada deyilir ki, vaksindən öncə bir neçə yoxlanış, məlumatların alınması prosesi bəzən vətəndaşların gözləməyinə səbəb ola bilir.
Səhiyyə Nazirliyi COVID-19-la mübarizə işçi qrupunun üzvü Səbinə Babazadə əlavə edib ki, əsas səbəblərdən biri isə qeydiyyatdan keçməmiş vətəndaşların müraciəti zamanı yaranır: “Onların bir-bir qeydiyyata alınması prosesi həqiqətən bəzən çətinliklərə səbəb olur və gözləmələrə gətirib çıxarır. Nəticədə müəyyən narazılıqlara səbəb olur. Bizim işə yardım məqsədi ilə vətəndaşlardan qeydiyyatdan keçmələrini və ya yaxınlarından bu prosesdə onlara yardımçı olmalarını xahiş edirik", - deyə o, vurğulayıb.