"Poliklinikalara lazım olan qədər peyvənd verilmir, yarısı verilir və “bununla idarə edin” deyilir. Ona görə də bir peyvəndi iki nəfərə vururlar, vətəndaşları aldadırlar" Bu sözləri jurnalist Aynur Elgünəş özünün feysbuk səhifəsində yazıb.
Jurnalist deyir ki, diqqətinizə çatdırmaq istədiyim mənim yox, ürəyiyanan, amma işini itirmək qorxusuyla açıq danışmağa cəsarəti çatmayan bir neçə həkimin xəbərdarlığıdır.
"Onların sözlərinə görə, peyvəndlənmənin birinci hissəsi qaydalara uyğun aparılıb, yəni həkimlərə və s. tam doza vurulub. İndi isə poliklinikalara lazım olan qədər peyvənd verilmir, yarısı verilir və “bununla idarə edin” deyilir. Ona görə də bir peyvəndi iki nəfərə vururlar, vətəndaşları aldadırlar. Hətta elə hallar olub ki, vətəndaşa “peyvənd edək, ya sənəd verək?” kimi təkliflər də edilib", - deyə Aynur Elgünəş feysbuk statusunda qeyd edib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı. Nazirliyin mətbuat xidməti sorğularımıza cavab vermədi.
Professor, həkim Adil Qeybulla deyir ki, peyvəndlər mümkün qədər eyni firmanın peyvəndləri olur və iki mərhələlidir. Hələlik Azərbaycanda ancaq "CoronaVac" peyvəndi vurulur ki, onun da birinci dozası test üçün vurulur.
Onun sözlərinə görə, Azərbaycan peyvənd təminatı ilə məşğul olan beynəlxalq COVAX proqramının üzvü olan ilk ölkələrdən biridir. Lakin COVAX Azərbaycana verdiyi vədə əməl etmir. Bu ilin birinci rübündə satın alınmalı olan peyvəndlər hələ yola salınmayıb. Buna görə də Azərbaycanda peyvəndlənmə intensiv aparılmır, müəyyən qədər çatışmazlıq var.
Porfessor yayılan iddialarla bağlı isə deyir ki, elə bir şey ola bilməz, amma araşdırılmalıdır: "Əgər belə bir hal varsa, bunun heç bir zərəri yoxdur, amma heç bir müsbət effekti də olmayacaq. O peyvənd araşdırmalardan keçib istifadə qaydası ona uyğun müəyyən olunub. Əgər belə bir şey varsa həqiqətən, bu böyük biarbırçılıqdır, insanları aldatmaqdır. Bu o deməkdir ki, peyvənd vurulması zamanı müəyyən sui-istifadə halları ortaya çıxıb və mütləq bu məsələnin üzərinə gedilməlidir", - deyə Professor, həkim Adil Qeybulla bildirib.