Yuxarı siniflər və universitetlərdə ənənəvi tədris qismən bərpa olunur. Bu barədə Təhsil Nazirliyi fevralın 4-də məlumat yayıb.
Məlumatda deyilir ki, 2021-ci il fevralın 8-dən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1,5 metr) gözləməyə imkan verən ümumi təhsil müəssisələrində I-IX siniflərdə tədris həftədə 5 dəfə olmaqla keçiriləcək.
Belə imkanlara malik olmayan tədris müəssisələrində həftədə 3 dəfə olmaqla dərslər əyani keçiriləcək.
2021-ci il fevralın 15-dən isə məktəbəqədər təhsil müəssisələrində, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumorta təhsil müəssisələrində (V-IX) isə dərslər həftədə iki dəfə olmaqla keçiriləcək.
Ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə dərslər ənənəvi formada bərpa ediləcək.