Son iki ildə 24 mindən çox tələbə təhsil haqqının ödənilməsi üçün dövlətə müraciət edib

Son iki ildə 24 mindən çox tələbə təhsil haqqının ödənilməsi üçün dövlətə müraciət edib
15 Fevral 2021
Mətni dəyiş

2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 24 147 tələbə e-telebe.edu.az portalına müraciət edib.

Bu barədə Azərbaycan Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlik bildirib ki, müraciət edənlərdən 15 900 nəfərin ödənişi ali təhsil müəssisələrinə ödənilib: "Pandemiya dövründə Nazirlər Kabineti tərəfindən “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar qəbul edilmişdir. Qərar 30 mindən artıq tələbəni əhatə edir. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb", - deyə Təhsil Nazirliyinin məlumatında qeyd olunub.

Son 5 il ərzində təhsil xərclərinə görə təhsilini donduran tələbələrin statistikası ilə bağlı suala isə nazirlik belə cavab verib: "Ali və orta ixtisas təhsili müəssisələrinə daxil olan tələbələrin bəziləri il ərzində müxtəlif səbəblərdən təhsillərini dondururlar, yaxud istisaslarını fərqli istiqamətdə dəyişirlər. Qeyd etdiyiniz məsələ ilə  bağlı Təhsil Nazirliyi tərəfindən statistika aparılmır. Bu baxımdan ATM-lərə müraciət etməyiniz məqsədəuyğun hesab olunur".

Son statistikaya görə...

Son 5 ildə təhsil xərclərini ödəyə bilmədiyi üçün 7-10 min arası tələbə təhsilini dondurub.

Azərbaycanda təhsil ocaqlarının ixtisas üzrə ortalama təhsil haqqı 2 min manat təşkil edir. Bəzi ixtisaslar üzrə bu rəqəm 6500, 5000, 4500 manatdır ki, bu məbləğin də ödənilməsi hər ailənin gəlirlərinə uyğun deyil. Ölkədə fəaliyyət göstərən 54 ali təhsil müəssisəsində 160 mindən çox tələbə təhsil alır ki, onların da 70 faizi öz vəsaitləri hesabına, yəni ödənişli əsaslarla təhsil alır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun