Bu gün 40-a yaxın Azərbaycan vətəndaşı Moskva-İstanbul reysinə qeydiyyatdan keçə bilmədikləri və Rusiyanın “Pobeda” aviaşirkətinin təyyarəsi ilə vətənlərinə gedə bilmədikləri üçün Moskvanın azərbaycanlı icmasına müraciət edib.
Bu barədə “Report”un Rusiya bürosuna “Moskvanın Azərbaycanlı İcması” təşkilatının sədri Şamil Tağıyev məlumat verib.
"Aviaşirkət əməkdaşları vətəndaşlarımızı təyyarəyə buraxmayıblar, uçuş üçün qeydiyyatdan keçirməyiblər və təyyarəyə Azərbaycan vətəndaşlarının buraxılmaması ilə bağlı bütün məlumatların “Pobeda”nın saytında olduğunu bildiriblər. Amma biz saytda belə bir informasiya tapa bilmədik. Etnik mənsubiyyətə görə belə qərar qəbul etmək absurddur. Bizə qanunvericiliyə istinadla normal cavab verilmədi”, - Şamil Tağıyev deyib.
“Pobeda”nın bu hərəkətindən zərər çəkənlər Vətənə dönmək üçün başqa aviaşirkətlərdən bilet almalı olublar.
Sərnişin Aqil Abbasov bilet alarkən heç kimin ona bu qaydalar barədə xəbərdarlıq etmədiyini söyləyib: “Reysə qeydiyyatdan keçmək üçün hava limanına vaxtında gəldim. Orada mənə bunun mümkün olmadığını dedilər. Niyə göyərtəyə buraxılmadığımı soruşduqda Azərbaycan vətəndaşı olduğumu dedilər. Yeni bilet alıb başqa aviaşirkətin reysi ilə uçmaq məcburiyyətində qaldım”.
Qeyd edək ki, daha əvvəllər də təyyarə göyərtəsinə buraxılmayan Azərbaycan vətəndaşlarından şikayətlər olub. Özü də bu cür addımları məhz “Pobeda” aviaşirkəti atır və bunu şirkətin hər bir Azərbaycan vətəndaşı üçün 700 avro cərimə olunacağı ilə əsaslandırır. Öncəki halda Azərbaycanın Rusiyadakı səfirliyi məsələyə qarışmalı olmuşdu.