Bələdiyyələrin fəaliyyətinə həyata keçirilən inzibati tədbirlər nəticəsində ümumilikdə 10 min 478 hektar torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.
Bu barədə “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəddə əksini tapıb.
Sənəddə qeyd edilib ki, nəticədə 396 hektar torpaq sahəsinin istifadəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib. Bütövlükdə isə 8 min 217 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. 2 min 261 hektar torpaq sahəsi ilə bağlı mübahisələr isə məhkəmələrin icraatındadır.
Eyni zamanda, bir neçə bələdiyyənin vəzifəli şəxsləri barədə cinayət işləri açılıb, bəzi bələdiyyələrin vəzifəli şəxsləri barəsində isə sənədlər hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.
Sənəddə qeyd edilib ki, Bakı şəhəri, Sabunçu rayonunun Ramana, Biləsuvarın Əliabad, Masallının Kolatan, Ucarın Qaracallı, Xaçmazın Qaraçaycek, Ağcabədinin Aran bələdiyyələrinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri cinayət işləri başlanılıb.
Həmçinin Bakı şəhəri, Suraxanı rayonu Bülbülə, Qusarın Samur, İmişlinin Hacırüstəmli, Ağstafanın Dağ Kəsəmən, İsmayıllının Topçu, Daşkəsənin Qabaqtəpə, Sabirabadın Quruzma, Cəlilabadın Muğan, Beyləqanın Şəfəq və digər bələdiyyələrin vəzifəli şəxsləri barəsində toplanan sənədlər hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.