1 Fevral 2021
Mətni dəyiş
Bu gün Qarabağ münaqişəsi nəticəsində Laçın rayonunda yaşayış yerlərini itirən ermənilər qondarma Dağlıq Qarabağ respublikasının yerli hökumət binasının önünə yığışaraq etiraz ediblər. Onlar mülkiyyətlərini itirdikləri üçün hökumətdən kompensassiya tələb ediblər.
"Biz hər şeyimizi orda qoymuşuq, bizə iki saat öncədən xəbər verdilər ki, burdan çıxmaq lazımdır. Qoy bizi evlə təmin etsinlər, gedib yaşayarıq. Harda olsa yaşayarıq. Heç bir kömək etmirlər. Bələdiyyə bir neçə dəfə kömək etdi, indi isə deyirlər ki, daha verməyə heç nəyimiz yoxdur. Bəs insanlar necə yaşasın, evsiz qalıblar, uşaqlar döşəmələrdən yatır" - deyə Laçın rayonunun Azərbaycanın nəzarətinə keçən hissəsində yaşamış erməni sakin "Haykakan Jamanak" qəzetinin əməkdaşına bildirib.
Laçın rayonunda yaşamış ermənilərin icma rəhbəri Haykazyan qeyd edib ki, rayonun əhalisi oktyabrın 18-dən evakuasiya edilib. "Əhalinin çoxu cəbhədə idi, kənd icmaları təhvil verildi. Biz indi itirdiyimiz mülklərə görə ədalətli və ağlabatan ölçüdə kompensassiya istəyirik. Biz demirik ki, 100 milyonumuz olub, bizə 100 milyon versinlər. Biz deyirik ki, ona yaxın bir şey versinlər".
Laçın rayon icmasının rəhbərinin sözlərinə görə rayondan 13 min sakin çıxıb. Dövlət mülkünü itirənlərə 300.000 dram (570 dollar) kompensassiya verir, amma proqramda səhvlər var deyə əhalinin 20 faizi bu pulu ala bilmir və artıq dörd aydır ki, adamların yaşamağa yeri yoxdur.
Erməni rəsmilərinin məlumatına görə 44 günlük Qarabağ müharibəsinin nəticəsində imzalanan 9 noyabr razılaşmasından sonra Laçın rayonunun ermənilər yaşayan 50-dən çox yaşayış məntəqəsi Azərbaycan tərəfindən geri alınıb və 13 mindən çox erməni ərazini tərk edərək Ermənistana üz tutub.