Gün ərzində əlverişsiz hava şəraiti davam edəcək, dərslər də təxirə salınıb

Gün ərzində əlverişsiz hava şəraiti davam edəcək, dərslər də təxirə salınıb
24 Fevral 2021
Mətni dəyiş

“Bakıda əmələ gələn qar örtüyünün hündürlüyü 5 sm-ə yaxınlaşıb. Ən çox qar respublikanın Böyük Qafqaz rayonlarında qeydə alınıb. Belə ki, orada qarın hündürlüyü yarım metrə çatıb”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, gün ərzində əlverişsiz hava şəraiti davam edəcək: “Fasilələrlə qar yağacaq, bəzi rayonlarda intensiv olacaq. Fevralın 25-i səhər saatlarından başlayaraq proses səngiyəcək və yağıntılar səngiyəcək”. Dərslər təxirə salınıb...

Qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar məktəblərdə şagirdlərin dərslərə davamiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb.

Bəzi məktəblər isə valideynlərə övladlarını belə havada dərsə gətirməməyi tövsiyə edib.

Hava şəraiti ilə əlaqədar ümumtəhsil müəssisələrində tədrisin dayandırılması ilə bağlı hələlik Təhsil Nazirliyinin qərarı yoxdur.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə qara keçəcəyi gözlənilir, 24-də bəzi yerlərdə intensiv olacağı deyilmişdi. Eyni zamanda şimal-qərb küləyinin 18-23, arabir 25-30, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi, çovğun olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi, 0-5 dərəcə şaxta olacağı qeyd olunmuşdu. Fevralın 24-25-də gecə və səhər yolların buz bağlayacaq.

Faktiki hava...

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevralın 24-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub, güclü şimal-qərb küləyi əsib.

Düşən yağıntının miqdarı Astarada 23, Lənkəranda 15, Mərəzə, Qubadə 8, Lerikdə 7, Qəbələdə 6, Xaltanda 5, Sarıbaş (Qax), Oğuz, Şabran, Altıağac, Xaçmazda 4, Qusarda 3, Kişçay(Şəki), Göytəpə, Ağsu, Qrızda 2, Zaqatala, Şəki, Mingəçevir, Yevlax, Cəfərxan, Hacıqabul, Biləsuvar, Yardımlıda 1 mm-dək olub.

Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı Bakıda 18, Maştağada 16, Binədə 8, Çilov adası, Pirallahıda 2, Neft Daşları, Sumqayıtda 1 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 47, Şahdağda 27, Quba, Daşkəsəndə 18, Lerikdə 16, Qırızda 14, Altıağac, Gədəbəydə 12, Xaltanda 11, Göygöldə 10, Mərəzədə 9, Qusarda 8, Kişçay (Şəki), Ağsuda 7, Maştağada 5, Oğuz, Qəbələdə 3, Astara 2, Göyçay, Yardımlı, Xaçmaz, Şəki, Göytəpədə 1 sm olub.

Şimal-qərb küləyinin sürəti Neftçalada 28, Naftalanda 24, Salyan, Ağstafada 23, Beyləqanda 24, Gəncə, Hacıqabulda 20, Mingəçevir, Tərtər, Tovuzda 18, Sabirabad, Yevlaxda 17, Xaçmaz, Bərdədə 16, Biləsuvarda 15, Maştağada 28, Qum adası, Pirallahı, Neft Daşlarında 25, Bakıda 23, Çilov adasında 21, Binədə 19, Sumqayıtda 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6 metrə çatıb.

Sumqayıt, Binə, Pirallahı, Hacıqabul, Biləsuvar, Kürdəmir, Zərdabda duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4.4-4.9, Aran rayonlarında 0-3, dağlıq rayonlarda 3-5, yüksək dağlıq ərazilərdə 8-12, Naxçıvan MR-da 3-8 dərəcə şaxta olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun