Son günlər Azərbaycanda intiharların sayı kəskin şəkildə artıb. Hər gün mətbuatda oxuduğumuz intihar xəbərləri birmənalı qarşılanmır. Bir qrup insan düşünür ki, pandemiyanın yaratdığı psixoloji problemlər gətirib intihara çıxarır. Digər bir qrup insan isə intiharları maliyyə sıxıntıları ilə əlaqələndirir.
Ümumilikdə isə reallıq odur ki, intiharlar artıb və xeyli gəncləşib. Bəs görəsən, intiharların əsas səbəbləri nədir? Abzas.net məsələ ilə bağlı ekspertlərlə danışıb.
Sosioloq Nail Cəlil deyir ki, intiharların artmasına pandemiyadan sonra ənənəvi ünsiyyət sferasının daralmasının büyük təsiri var.
Çıxış yolunu intiharda görürlər...
Onun sözlərinə görə, məsələnin subyektiv tərəfi isə odur ki, əhali arasında aparılan sosioloji və psixoloji marifləndirmənin zəif olmasıdır.
"Fikir verirsinizsə, son dövrlər insanlara münasibətdə çox sərt davranış var. Adi elementar məsələlərə görə insanlar cərimələnir, onlar məcburi şəkildə evə qapadılır, təhsil və sosial iş sferasında yaranan gərginlik intiharların sayına təsir edir. İntihar edənlərin yaşının gəncləşməsi isə başqa bir təhlükədən xəbər verir. Bu insanların özünütəsdiq imkanlarının məhdudlaşması sanki onların həyatdan küsməsinə gətirib çıxardır və onlar belə bir həyatda perespektiv görmürlər. Belə olan halda isə çıxış yolunu intiharda görürlər", - deyə o, bildirib. Sosioloq deyir ki, intiharların tam şəkildə qarşısının alınması mümkün deyil, ancaq miqyasını azaltmaq olar.
Onun sözlərinə görə, bunun üçün isə təkcə təbliğat kifayət deyil: "İntiharların qarşısının alınmasında təbliğat vacibdir və əhəmiyyətlidir, ancaq bununla da bərabər intihara aparan yollar araşdırılmalı, səbəblər aradan qaldırılmalıdır. İntiharlarda səbəblər çox müxtəlif ola bilər. Məsələn Norveçdə insanların maddi durumu yaxşıdır, sosial vəziyyəti yaxşıdır, xoşbəxtlik indeksinə görə öndə olan ölkələrədən birdir, amma orada da intihar halları yüksəkdir. Ona görə intiharlarla mübarizədə yaxşı işlənmiş strategiya olmalıdır və araşdırılmalıdır", - deyə Sosioloq Nail Cəlil bildirib.
Gözləntilər özünü doğrultmayanda xəyal qırıqlığı yaranır...
Psixoloq Vəfa Əkbər deyir ki, ümumiyyətlə intiharlar ən çox yanvar ayında olur.
Onun sözlərinə görə, insanlar yeni ilə yeni gözləntilərlə girirlər, hər şeyin yaxşı olacağına ümidləri artır və sonradan gözləntilər özünü doğrultmayanda xəyal qırıqlığı yaranır.
"Belə olduqda da sinir sistemi zəif olan, ailə dəstəyi olmayan, çevrəsi geniş olmayan insanlar özlərinə qapanırlar və intihara cəhd edirlər. İntihara cəhd edənlərin sayı intiharların sayından daha çoxdur, sadecə kimisi intihar edir, kimisi də son anda fikrindən danışır, ya da ona kimsə kömək edir. Biz intihara təşəbbüs edən insanları bilmirik, sadecə intihar edənləri görürük", - deyə Vəfa Əkbər bildirib.
Psixoloq deyir ki, intiharların digər səbəbi də sosial gərginlikdir: "Bununla yanaşı, maddi sıxıntılar, ailədə problemlər, basqılar intihara səbəb olur. İnsanlar özlərini yararsız hesab edirlər və çarəni intihar etməkdə görürlər", - deyə psixoloq Vəfa Əkbər bildirib.
Ötən il...
2020-ci ildə ölkədə 597 intihar hadisəsi qeydə alınıb. Həyatına qəsd edənlərin 440 nəfəri kişi, 157-si isə qadındır.