Bu gündən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla bərpa olunur.
Bu gün həmçinin xüsusi məktəblər (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla tədrisini davam etdirəcək. Bununla yanaşı, bu gündən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunur.
Tədris bərpa olunan universitetlərdə məşğələlər Təhsil Nazirliyinin qoyduğu qaydalar əsasında həyata keçiriləcək.
Ali təhsil müəssisələrinin bir qismində isə əyani tədris bərpa olunmayacaq.
Fevralın 1-dən ümumi təhsil müəssisələrində ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil bərpa olunub. Hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.