Saleh Rüstəmli dostlarının xahişi ilə quru aclıq aksiyasına keçməyib

Saleh Rüstəmli dostlarının xahişi ilə quru aclıq aksiyasına keçməyib
6 Dekabr 2021
Mətni dəyiş
31 gündür aclıq edən Qarabağ qazisi, Gədəbəy rayonu İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmli bu gün ailə üzvləri ilə görüşüb. Bu barədə Saleh Rüstəmlinin oğlu Sezgin Rüstəmov məlumat verib. O bildirib ki, əmisi Saleh Rüstəmliyə dostlarından ismarış çatdırıb. Ona Şahin bəy və digər dostlarının xahişi, Ağdaşda aclıq edən həkimin "Saleh quruya keçsə mən də keçəcəm" deməsi, rayondan bir neçə nəfərin də Saleh bəylə birlikdə quru aclıq aksiyasına keçəcəklərini dedikləri bildirilib. Bunları nəzərə alan Saleh Rüstəmli bu gün quru aclığa keçməməyə razılaşıb. Amma deyib ki, o "quru aclığa keçəcəm" deyəndə kimisə təhdid etmir, sadəcə artıq bir aydır davam edən aclığın nəticəsində başlayan şiddətli ağrılara dözə bilmir, gecələr yata bilmir, çətinliklə nəfəs alır, gün ərzində dəfələrlə huşunu itirir. "Yaxşı, bu gün quru aclığa keçmirəm, amma aclığı dayandırası deyiləm, ya quruya keçib öləcəm, ya belə öləcəm, sadəcə daha uzun və zülmlü olacaq bu ölüm" deyə Saleh Rüstəmli əlavə edib. Professor Adil Qeybulla deyir ki, ümumiyyətlə, quru aclıq yolverilməzdir, çünki insan susuz yaşaya bilməz və bu addımı atırsa, ölümə gedir. A.Qeybullanın fikrincə, əslində, quru aclıq anlayışı yoxdur, bu, tam aclıqdır: “Tam aclıq artıq su və digər qida maddələrindən imtina deməkdir. Su həyat üçün çox vacibdir. İnsan dəri və sidiklə su ifraz edir, beləliklə, periodik olaraq su təzələnməlidir. Susuz yaşamaq çox çətindir. Özü də 31 gün aclıq keçirən adamın tam aclığa keçməsi onun həyatının sonlanması deməkdir. Bununla da Saleh Rüstəmov çox qısa zamanda komaya düşə bilər və geridönməz proseslərin baş verməsinə gətirər, yəni ölümə. Qısa müddət deyəndə, insan tam aclığa keçəndə, onun həyatı orqanizmin resurlarından asılı olur. Saleh bəyin orqanizminin nə qədər resursu var, bax, o hər şeyi həll edəcək. Ona görə də Saleh Rüstəmovun tam aclığa keçməsi məqsədəuyğun deyil. Nəzərə alın ki, aclıq aksiyası etiraz formasıdır, həyata qəsd deyil”. Professor deyib ki, Saleh Rüstəmovu tam aclıqdan çəkindimək üçün inandırmaq lazımdır: “O, tam aclığa getməsin. Tofiq Yaqublu həbsxanada aclıq aksiyası keçirəndə qaydalara tam riayət etmirdi, yəni suyu da az qəbul edirdi. Bu, özü də təhlükəlidir. O zaman biz Tofiq Yaqublunu inandırdıq və o, qaydalara əməl etdi. Aclıq keçirməyin də beynəlxalq normativləri var, Tofiq bəy bizim təkidimizdən sonra onlara əməl eməli oldu”. Adil Qeybulla Penitensiar Xidmətə ünvanladığı müraciətə hələ də cavab almadığını bildirib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Sadıqov Meydan TV-nin bu barədə sorğusuna qısa cavab verib: “Müraciət mənə daxil olmayıb, ola bilsin, başqa bir idarəyə göndəriblər. Əgər mənim icraatımda olsaydı, cavab verərdim”. Xalq Cəbhəsi Partiyasının tərəfdarı, Birinci Qarabağ müharibəsinin veteranı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və “AXCP-nin qanunsuz maliyyələşdirilməsi” haqqında saxta iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun