41 gündür həbsxanada aclıq aksiyası keçirən Qarabağ qazisi, Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin bu gün aclığı dayandırdığı bildirilir.
Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat yayıb.
Qanunsuz sahibkarlıqda və AXCP-ni maliyyələşdirdiyi üçün pul yumaqda ittiham olunan Saleh Rüstəmli 2018-ci ilin mayın 8-də həbs olunub. Ona 2019-cu ilin martında 7 il 3 ay müddətinə həbs cəzası verilib, Apellyasiya Məhkəməsi cəzanın müddətini 7 il 1 aya endirib.
Saleh Rüstəmli və AXCP ittihamları rədd edir.
Noyabrın 5-də Milli Məclis Amnistiya Aktı qəbul edib.
Amnistiya Aktının 16-17 min adama şamil olunacağı, onlardan 3 min nəfərin həbsxanadan çıxacağı qeyd olunub.
Amnistiya Aktının 10-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin bir çox maddələrilə həbs olunmuş şəxslərə akt şamil edilmir. Saleh Rüstəmlinin təqsirləndirildiyi maddə də həmin siyahıya daxildir.