Üç gün əvvəl Myanmada 11 il həbs cəzası alan ABŞ jurnalisti azad edilib

Üç gün əvvəl Myanmada 11 il həbs cəzası alan ABŞ jurnalisti azad edilib
15 Noyabr 2021
Mətni dəyiş
Myanmada üç gün əvvəl hərbi məhkəmə tərəfindən 11 il müddətinə azadlıqdan məhrum edilən amerikalı jurnalist Denni Fenster həbsdən azad edilib. Onun əməkdaşlıq etdiyi ingilisdilli “Frontier Myanmar” xəbər saytı bildirib ki, jurnalist artıq Myanmanı tərk edib. Xunta sözçüsü general-mayor Zav Min Tun BBC-yə onun ölkəni tərk etməsinə icazə verildiyini təsdiqləyib. “Frontier”-in baş redaktoru olan Fenster may ayında ABŞ-a geri qayıdarkən saxlanılmışdı. O, fevral ayındakı hərbi çevrilişdən sonra həbs edilən onlarla jurnalistdən və ümumilikdə minlərlə insandan biridir. Fenster immiqrasiya qanununu pozmaqda, qeyri-qanuni şəbəkələşmədə və orduya qarşı müxalifəti təşviq etməkdə təqsirli bilinib. Ötən həftə o, maksimum ömürlük həbs cəzasını nəzərdə tutan iki əlavə -  üsyan və terror ittihamı ilə də üzləşib. Fensterin necə azad edildiyi hələ açıqlanmayıb. Lakin ABŞ-ın keçmiş səfiri Bill Riçardson Myanmadadır və onun azadlığa buraxılması ilə bağlı danışıqlar apardığı güman edilir. “Frontier”-in məlumatına görə, Fenster bundan əvvəl çevrilişin ardınca ordunu tənqid edən müstəqil xəbər saytı “Myanmar Now”-da işləyib. "İttihamların hamısı onun qadağan edilmiş “Myanmar Now” media orqanında işləməsi iddiasına əsaslanıb. Denni 2020-ci ilin iyulunda “Myanmar Now”-dan istefa verib və növbəti ay “Frontier”-ə işə başlayıb. Beləliklə, o, 2021-ci ilin mayında həbs olunarkən doqquz aydan çoxdur “Frontier” ilə işləyirdi”, - xəbər saytı bildirib. "Denninin bu ittihamlarla həbs edilməsinin qətiyyən heç bir əsası yoxdur". "Denninin həbsinin son dərəcə ədalətsiz mahiyyəti bütün dünya üçün aydındır. Rejim indi onu azad etmək üçün ehtiyatlı addım atmalıdır", ABŞ Dövlət Departamentinin hökmdən əvvəl verdiyi açıqlamada deyilir. Myanmanın hərbi liderləri fevral ayında hakim Milli Demokratiya Liqasının əli ilə kütləvi seçkilərdə məğlub olduqdan sonra hakimiyyəti ələ keçirib. Onlar bildiriblər ki, geniş yayılmış səs saxtakarlığı onları bu addımı atmağa vadar edib. Buna baxmayaraq, ölkənin seçki komissiyası bu cür iddiaları təsdiq edəcək heç bir sübutun olmadığını deyib. Ölkədə baş qaldıran geniş kütləvi etirazlar hərbçilər tərəfindən vəhşicəsinə yatırılıb. Siyasi Məhbuslara Yardım Assosiasiyasının məlumatına görə, o vaxtdan bəri müxalifətçilərə qarşı repressiyalar çərçivəsində ən azı 1260 nəfər öldürülüb, 7251 nəfər isə həbsdədir. İndiyədək 80-ə yaxın yerli jurnalistin hazırladığı reportajlara görə saxlanıldığı məlumdur. Siyasi Məhbuslara Yardım Assosiasiyasının məlumatına görə, onlardan 50-si hələ də həbsdədir, yarısı isə cinayət məsuliyyətinə cəlb edilib. “Fenster Myanmada son illərdə həbs cəzasına məhkum edilən ilk əcnəbi jurnalist olub”, Reuters xəbər verir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun