Talibana qarşı döyüşən Milli Müqavimət Cəbhəsi ABŞ-da qeydiyyatdan keçib

Talibana qarşı döyüşən Milli Müqavimət Cəbhəsi ABŞ-da qeydiyyatdan keçib
2 Noyabr 2021
Mətni dəyiş
ABŞ rəsmiləri Əfqanıstanda Taliban hökumətinə müqavimət göstərən yeni yaradılmış silahlı qrupun ABŞ-da qeydiyyatdan keçdiyini təsdiqləyib. Təsdiq Talibana qarşı olan Milli Müqavimət Cəbhəsinin (NRF) beynəlxalq ofisinin Amerikada “rəsmi olaraq açılması üçün icazə verildiyi” ilə bağlı iddialarına cavab olaraq gəlib. Anti-Taliban qrupunun xarici əlaqələr üzrə rəhbəri Əli Məysam Nəzəri bu barədə cümə günü tvitter səhifəsində açıqlama verərək, Milli Müqavimət Cəbhəsinin “tezliklə bütün dünyada fəaliyyətini genişləndirəcəyini” vəd edib. ABŞ Dövlət Departamentinin sözçüsü “Özünü “Milli Müqavimət Cəbhəsi” adlandıran qurumun qeydiyyatdan oktyabrın 26-da Xarici Agentlərin Qeydiyyatı Aktı ilə keçib” - deyə, bildirib. Sözçü onu da qeyd edib ki, qeydiyyatdan keçmə qərarını qeydiyyatdan keçirən şəxs qəbul edib və bunun üçün Ədliyyə Nazirliyi və ya Amerikanın hər hansı digər dövlət qurumunun təsdiqi tələb olunmur. "Ümumiyyətlə, bu kimi təşkilatlar ABŞ-da ofis aça bilər və bunun üçün Dövlət Departamentinin iştirakı tələb olunmur" - deyə, sözçü bildirib. Amerika və NATO qüvvələrinin 20 illik müharibədən sonra ölkədən çıxması və Kabildə Qərbin dəstəklədiyi hökumətin devirilməsindən sonra Taliban avqust ayında Əfqanıstanın nəzarətini ələ keçirib. Əksəriyyəti etnik puştunların nümayəndələrindən ibarət islamçı qrup ölkəyə nəzarəti bərpa etdikdən sonra əvvəlki hökumətdə xidmət etmiş bütün şəxslər üçün ümumi amnistiya elan edib. Baxmayaraq ki, Taliban döyüşçüləri keçmiş əfqan təhlükəsizlik işçilərinin məqsədyönlü şəkildə öldürülməsində ittiham olunur. Milli Müqavimət Cəbhəsi Əfqanıstanın paytaxtı Kabildən təxminən 100 kilometr şimal-şərqdə, əsasən etnik taciklərin yaşadığı Pəncşir vadisinin dağlıq hissələrində bazalar qurduğunu iddia edir. Taliban rəsmiləri bu iddiaları rədd edir və müqavimət adlanan qruplaşma liderlərinin Əfqanıstanı çoxdan tərk etdiyini deyir.
Milli Müqavimət Cəbhəsi ABŞ-ın təlim keçdiyi Əfqanıstanın keçmiş təhlükəsizlik qüvvələrinin qalıqlarından və yerli yarı-hərbi qüvvələrdən ibarətdir ki, onların dəqiq sayı məlum deyil. Onlara keçmiş Şimal Alyansının lideri Əhməd Şah Məsudun 32 yaşlı oğlu, 1990-cı illərdə Taliban hakimiyyətinə müqavimət göstərmək səylərinə görə “Pəncşir Aslanı” ləqəbi verilmiş Əhməd Məsud rəhbərlik edir. Milli Müqavimət Cəbhəsinin hökumətinə qarşı təhdidlərinə və ABŞ-da ofis açmaq xəbərinə reaksiya verən Taliban sözçüsü Zabihulla Mücahid heç bir qurumun Əfqanıstan xalqını “müqavimət və ya başqa bir şey adı ilə” təhdid edə bilməyəcəyini və belə fəaliyyətlərə icazə verilməyəcəyini deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun