Polşada hamilə qadının ölümü abort qadağasına qarşı yeni etirazlara səbəb olub

Polşada hamilə qadının ölümü abort qadağasına qarşı yeni etirazlara səbəb olub
3 Noyabr 2021
Mətni dəyiş
Polşanın cənubunda yerləşən Pşina şəhərindəki xəstəxanada həkimlərin ölkədə qüvvədə olan məhdudiyyətlərə görə hamiləliyini sonlandırmaqdan imtina etdiyi qadın dünyasını dəyişib. Ailənin vəkili İolanta Budzovskanın sözlərinə görə, 30 yaşlı qadın hamiləliyin 22-ci həftəsində amniotik mayenin axması diaqnozu ilə xəstəxanaya daxil olub. Həkimlər hamiləliyin patologiyasını təsdiqləyiblər. Döl ölüb, qadında septik şok başlayıb və xəstəxanaya yerləşdirildikdən 24 saat sonra o, vəfat edib. Vəkil əlavə edib ki, qadın qohumları ilə əlaqə saxlayaraq onlara həkimlərin hamiləliyi sonlandırmadığını və ona “gözləməli olduğunu” dediklərini bildirib. Vəkil vurğulayıb ki, həkimlər Polşa Konstitusiya Məhkəməsinin 2020-ci ilin oktyabrında dölün sağalmaz xəstəliyi zamanı abortu qadağan edən qərarına əsasən hərəkət ediblər. Məhkəmənin qərarında deyilir ki, hamiləliyin sonlandırılmasına yalnız zorlama nəticəsində baş verdikdə və ya ananın həyatı, sağlamlığı üçün təhlükə olduqda icazə verilir. Qadının müalicə olunduğu Pşina xəstəxanası bildirib ki, onun müalicəsini müəyyən edən “yeganə amil” xəstənin və dölün təhlükəsizliyidir. Hamiləliyin sonlandırılmasının lazım olub-olmaması ilə bağlı qərar “başqa məsələdir”. Xəstəxana nümayəndələri əlavə edib ki, bütün tibbi qərarlar “Polşada qüvvədə olan hüquqi qaydalar və davranış standartları nəzərə alınmaqla qəbul edilib”. Hakim mühafizəkar “Hüquq və Ədalət” partiyasının nümayəndələri öz növbəsində bunun “tibbi səhv” olduğunu düşünürlər. Onlar həmçinin qeyd edirlər ki, qanunda ananın həyatı və sağlamlığı təhlükə altında olduqda abort qadağan olunmur. Xəstə 2021-ci ilin sentyabrında Pşina xəstəxanasında vəfat etsə də, geniş ictimaiyyət bu barədə yalnız oktyabrın sonunda xəbər tutub. “Politico”nun qeyd etdiyi kimi, insidentin parlamentə təqdim olunan abort üçün 25 ilədək həbs və ya ağırlaşdırıcı şəraitdə ömürlük həbs cəzasını nəzərdə tutan qanun layihəsi fonunda baş verməsinə xüsusi diqqət yetirilib. Abort əleyhdarları tərəfindən hazırlanan qanun layihəsi birinci oxunuşda baxılması üçün tövsiyə olunub. Avropada abort əleyhinə ən sərt qanunlar Polşada tətbiq olunur. Konstitusiya Məhkəməsinin dölün sağalmaz xəstəliyi zamanı abortun qadağan edilməsi barədə qərarından sonra ölkədə kütləvi etiraz aksiyaları keçirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun