Fransa kilsəsi cinsi istismar qurbanlarına təzminat ödəmək üçün daşınmaz mülklərini satacaq

Fransa kilsəsi cinsi istismar qurbanlarına təzminat ödəmək üçün daşınmaz mülklərini satacaq
9 Noyabr 2021
Mətni dəyiş
Fransada Katolik kilsəsi on illər ərzində qurum daxilində yaşanan cinsi istismar hallarına görə məsuliyyəti qəbul edib. Kilsə yüz minlərlə insana təzminat ödəyəcəyini bildirdikdən sonra bunu daşınmaz mülklərini sataraq və lazım gələrsə kredit çəkərək edəcəyini açıqlayıb. Oktyabr ayında açıqlanan müstəqil hesabatda fransız din xadimlərinin 70 il ərzində 200 mindən çox uşağı cinsi istismara məruz qoyduğu ortaya çıxıb. Katolik dünyası üçün vacib ziyarətgah olan Lourdesdə həftə sonu görüşən yüksək səviyyəli keşişlər korporativ məsuliyyəti qəbul edərək istismarları tanımağa və düzəltməyə çağırıblar. Fransanın ən yüksək səviyyəli arxiyepiskopu və Fransa Yepiskoplar Konfransının sədri Reyms arxiyepiskopu Erik de Mulens-Byufort görüşdən sonra jurnalistlərə bildirib ki, kompensasiyalar üçün fond yaradılacaq və bunun maliyyələşdirilməsi üçün daşınmaz əmlaklar satılacaq, ehtiyac olarsa kreditlərdən istifadə etməyə hazırdırlar. Mulens-Byufort fondun miqyası, yaxud hansı mülklərin satışa çıxarılacağı haqda məlumat verməyib. Hesabatda vurğulanır ki, uzun illər ərzində fransız kilsəsi qurbanları sistemli istismardan xilas etməkdənsə, özünü qorumaq üçün “dərin, sərt, hətta qəddar laqeydlik” nümayiş etdirib. Məlumatlar açıqlandıqdan sonra Papa Fransisk bunun “utanc anı” olduğunu bəyan edib. Vatikan "etibarlı adam" axtarışındadır Digər tərəfdən, Byufort qeyd edib ki, katolik keşişlər Roma Papasından kilsələrdə cinsi zorakılıq qurbanları ilə davranışları araşdırmaq üçün "etibarlı adam" tələb ediblər. Keşişlərin cinsi istismarlarda kilsənin korporativ məsuliyyətinin olduğu və istismarların sistematik şəkildə baş verdiyi barədə qərarını xatırladan Byufort etibarlı adam tələbinin cinsi zorakılıq hallarının araşdırılmasında həlledici addım olacağına diqqət çəkib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun