Dövlət Reyestr Xidməti yarım milyon manat vergi borcu olan şirkətə necə tender verib?

Dövlət Reyestr Xidməti yarım milyon manat vergi borcu olan şirkətə necə tender verib?
5 Noyabr 2021
Mətni dəyiş

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi və "Caspel" MMC maliyyə dəyəri 38051,46 AZN (38 min 51 manat) olan satınalma müqaviləsi imzalayıb. 

AbzasMedia xəbər verir ki, müqavilədə kompyuter və digər avadanlıqların satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, nizamnamə kapitalı 20 manat olan "Caspel" MMC 2 avqust 2005-ci ildə dövlət qeydiyyatına alınıb.

Dövlət Vergi Xidmətinin 4 noyabr 2021-ci ilə olan rəsmi məlumatına görə, "Caspel" MMC-nin dövlətə 493847,28 AZN (493 min 847 manat) vergi borcu var.

Bu qədər böyük maliyyə dəyəri olan tenderdə dövlətə yarım milyon manat borcu olan şirkət necə qalib gəlib, sual altındadır. Vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.​

Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Cəfər Xəndan, ev 50B olan "Caspel" MMC-nin hüquqi təmsilçisi Ceyhun Quliyev Məhi oğludur.

"Caspel" MMC-nin keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəninə məxsus olduğu deyilir. Belə ki, "Caspel" MMC-nin qanuni təmsilçisi Ceyhun Quliyev Fazil Məmmədovun kürəkəni Namiq Quliyevin qardaşıdır.

Namiq Quliyev Fazil Məmmədovun vergilər naziri olduğu illərdə uzun müddət Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisinin 1-ci müavini vəzifəsində çalışıb.

Yerli mediada yazılanlara görə, "Caspel” şirkəti vaxtilə iş adamlarına satdığı kassa aparatlarından 100 milyonlarla vəsait qazanıb.

Hazırda Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin rəisi vəzifəsini Nigar Alimova icra edir. Nigar Alimova xidmətə rəhbər gətirilməmişdən əvvəl Vergilər Nazirliyində bir sıra yüksək vəzifələrdə işləyib, həmçinin nazirliyinin aparat rəhbəri olub.

Maraqlı məqam odur ki, vergilər sahəsində ciddi keçmişi olan Nigar Alimovanın rəhbəri olduğu struktur yarım milyon vergi borcu olan şirkəti tenderdə necə qalib elan edib?

[caption id="attachment_111062" align="alignnone" width="1380"] Nigar Alimova[/caption]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun