Dövlət ittihamçısı AXCP fəalına 10 il iş istəyib

Dövlət ittihamçısı AXCP fəalına 10 il iş istəyib
12 Noyabr 2021
Mətni dəyiş
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xəzər rayon şöbəsinin üzvü Aqil Hümbətovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Noyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyilə keçirilən məhkəmə iclasında prokuror çıxış edib. Dövlət ittihamçısı Aqil Hümbətovun 10 il azadlıqdan məhrum edilməsini istəyib. Prokurordan sonra çıxış üçün Aqil Hümbətovun vəkili Nemət Kərimliyə söz verilsə də, müdafiəçi vaxt istəyib. Vəkilə noyabrın 15-nə qədər vaxt verilib. Noyabrın 15-də vəkilin çıxışından sonra Aqil Hümbətov son sözünü deyəcək. Daha sonra hökm elan olunacaq. Aqil Hümbətov Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham olunur. İddia olunur ki, o, zərərçəkmiş qismində tanınan Yamən Məmmədov adlı şəxsi bıçaqlayıb. Lakin AXCP fəalı özünü təqsirli bilmir. O, sosial şəbəkələrdə tənqidi çıxışlarına, uşaqpulu tələbinə görə şəxsən Prezident İlham Əliyevin sifarişilə şərlənib həbs olunduğunu deyir. Aqil Hümbətov bildirib ki, Yamən Məmmədov onun şərlənməsi planının icraçısıdır. Məmmədovun ailə üzvləri də bu işdə onun yardımçılarıdır. AXCP fəalının sözlərinə görə, o, heç kimi bıçaqlamayıb. Məmmədovlar ailəsi hadisə günü onu zibillərini atmaq üçün telefonla çağırıblar. Onlara gedib çatandan bir neçə dəqiqə sonra Yamən Məmmədov həyətdə səs-küy salıb, daha sonra bıçaqla özünə xəsarət yetirib. Dərhal da ora polislər gəlib və onu Yamən Məmmədovu bıçaqlamaqda ittiham edərək, polis idarəsinə aparıblar. Cəbhəçi fəalın sözlərinə görə, polis idarəsində ona işgəncə verib, zorlamaqla hədələyib, öz əleyhinə olan yalan ifadəni imzalamağa məcbur ediblər. Aqil Hümbətov küçədən yığdığı tullantıları çeşidləyib təhvil verməklə, yaşadığı qəsəbədə zibillərin yığışdırılması və s. işlərlə məşğul olmaqla ailəsini dolandırırdı. Aqil Hümbətov 2020-ci martın 29-da “Facebook” hesabından tənqidi çıxışlarından birindən sonra tutulub Xəzər rayonu, 1-ci polis bölməsinə aparılıb. Daha sonra bölməyə çağrılan Təcili Tibbi Yardım maşınıyla onu Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdiriblər. Orada onu üç ay məcburi saxladıqdan sonra buraxıblar. Aqil Hümbətova ondan əvvəl də inzibati həbs cəzası verilmişdi. O zaman o, polisə müqavimətdə təqsirləndirilsə də, özü deyirdi ki, yalandır. Həbsinin səbəbi iki gün öncə prezidenti tənqid etməsidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun