Twitter alqoritminin sağçı paylaşımlara üstünlük verdiyi təyin edilib

Twitter alqoritminin sağçı paylaşımlara üstünlük verdiyi təyin edilib
23 Oktyabr 2021
Mətni dəyiş
Twitter istifadə edilən hazırkı alqoritmin sağçı partiyaların tvitlərini daha çox önə çıxardığını açıqlayıb. ABŞ-da fəaliyyət göstərən sosial media nəhəngi sözügedən kəşfi alqoritmin siyasi paylaşımları necə qiymətləndirdiyinə dair araşdırmasında aşkarlayıb. Şirkətdən verilən açıqlamada bu vəziyyətin səbəbinin bilinmədiyi və "bunun da cavablandırılması daha çətin sual doğurduğu" bildirilib. Twitter daha əvvəl mühafizəkarlar tərəfindən onlara qarşı qərəzli yanaşıldığı iddiaları ilə üzləşib. Twitter, Kanada, Fransa, Almaniya, İspaniya, Yaponiya, İngiltərə və ABŞ-dan edilən paylaşımları araşdırıb. Bu ölkələrdəki siyasi partiya paylaşımları və istifadəçilərin paylaşdıqları xəbər məzmunları qiymətləndirilib. Araşdırma 2020-ci il aprelin 1-dən avqustun 15-dək olan tvitləri əhatə edib. Metod olaraq, alqoritmlə müəyyən edilən tvit axını ilə zamanı tərsinə çevrilmiş axın müqayisə edilib. Bu müqayisə zamanı məlum olub ki, siyasi spektrin sağında olan partiya və təşkilatlar alqoritmik olaraq soldakı rəqiblərindən daha çox göstərilib. 7 ölkənin altısında bənzər nəticələr əldə edilib Araşdırmanı aparan Twitter Meta qrupundan Rumman Çoudxuri "fenomen" olaraq təsvir etdikləri vəziyyətin səbəbini anlamaq üçün araşdırma aparılacağını söyləyib. "Bu yeddi ölkədən altısında sağçı siyasətçilərin paylaşımları alqoritmik olaraq solçu siyasətçilərlə müqayisədə daha önə çıxarılıb", Çoudxuri deyib. Rumman Çoudxuri sağa yaxın olan xəbər qurumlarının paylaşımlarının da eyni şəkildə ön plana çıxdığının müşahidə edildiyini bildirib. "Bu nümunənin niyə baş verdiyini dəqiqləşdirmək daha çətin bir sualdır", deyə Çoudxuri əlavə edib. Tədqiqatçılar fərqli siyasi partiyaların istifadəçilərə çatmaq üçün tətbiq etdiyi fərqli strategiyaların bu vəziyyətdə təsirli ola biləcəyini deyirlər. Twitter aprel ayında istifadə etdiyi alqoritmin “qəsdən ziyana” səbəb olub-olmadığını yoxlamaq üçün araşdırma apardığını açıqlamışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun