Texasda altı həftəlik hamiləlikdən sonra abortun qadağası barədə qanun dayandırılıb

Texasda altı həftəlik hamiləlikdən sonra abortun qadağası barədə qanun dayandırılıb
7 Oktyabr 2021
Mətni dəyiş
Texas ştatının Ostin Federal Rayon Məhkəməsinin hakimi Robert Pitman Texasda yeni abort əleyhinə qanunu müvəqqəti olaraq dayandırıb. Bu barədə "The New York Times" qəzeti məlumat verib. Beləliklə, hakim bu qanuna görə Texas əyalətinə qarşı iddia qaldıran ABŞ Ədliyyə Nazirliyinin tələbini təmin edib. Hakim Pitman bildirib ki, qanunun qüvvəyə minməsindən sonra "Konstitusiya ilə müdafiə edilən üsullarla qadınların öz həyatlarına nəzarət etmələrinə qanunsuz olaraq maneə törədilir". Texasda abort əleyhinə qanun sentyabrın əvvəlində qüvvəyə minib. Bu qanunla döldə ürək döyüntüsü aşkar edildikdən sonra hamiləliyin dayandırılması qadağan edilir. Həkimlərin və hüquq müdafiəçilərinin fikrincə, bu, bir çox qadının hələ hamiləlikdən xəbəri olmadığı zaman, altıncı həftədə baş verir. Qanun hər bir ABŞ vətəndaşının abort etdirən və ya buna vasitəçilik edən şəxsi məhkəməyə verməsinə icazə verir. Təqsirləndirilən şəxsin günahı sübuta yetirilərsə, iddiaçı 10 min dollar alacaq. Bu qayda qanuna riayət olunmasına nəzarəti məmurlardan sadə vətəndaşlara ötürür və bu səbəbdən qanuna etiraz etmək çətinləşir. Hakim Pitmanın qərarının Texasda abortun bərpasına kömək edib-etməyəcəyi bilinmir: qanun, qadağanın sonradan ləğv ediləcəyi təqdirdə belə, edilən abortlarla bağlı iddia qaldırılmasına icazə verir. Bəzi klinikalar abortlara "ən qısa müddətdə" başlayacaqlarını söyləsələr də, vaxt qrafiki göstərilməyib. Texas əyaləti artıq Pitmanın qərarına daha yüksək bir məhkəmədə - ABŞ-ın Beşinci Dövrə Apellyasiya Məhkəməsində etiraz edəcəyini açıqlayıb. “O, ölkənin ən mühafizəkar apellyasiya məhkəmələrindən biri sayılır və daha əvvəl Texasdakı abort əleyhinə qanunun qarşısını almaq üçün klinikalardan verilən iddianı rədd edib”, deyə CNN qeyd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun