Talibandan qaçan hakim qadınların hekayəsi: "Bir vaxt həbsə atdığımız cinayətkarlar indi qisas almaq üçün bizi axtarırlar"

Talibandan qaçan hakim qadınların hekayəsi: "Bir vaxt həbsə atdığımız cinayətkarlar indi qisas almaq üçün bizi axtarırlar"
27 Oktyabr 2021
Mətni dəyiş

Taliban silahlı qruplaşması Əfqanıstanda nəzarəti ələ aldıqdan sonra, yüzlərlə qadın hakim evlərindən qaçaraq gizlənməyə məcbur olub. Çünki Taliban həbsxana qapılarını açıb və bir zamanlar bu hakimlərin həbsə atdığı şəxsləri azadlığa buraxıb. Hakim qadınlardan 26-sı hazırda Yunanıstanda yaşayır. Təhlükəsizlik məqsədi ilə onların adları açıqlanmır. 

Artıq gecə olurdu, telefon zəng çaldı. Toplaşma yerinin bilinməsi ilə bərabər, ayrılıq vaxtı da çatmışdı.

Qara niqab geyinmiş hakim Sana iki azyaşlı uşağı ilə birlikdə küçəyə çıxdı. Onlar bir neçə paltar, pasport, telefon, nağd pul və səyahət üçün kifayət qədər ərzaqla dolu çanta götürmüşdülər.

Sana evdən çıxanda hara gedəcəklərini bilmədiyini deyir: "Yolda təhlükəsizlik problemlərinin ola biləcəyini dedilər. Ancaq tək çıxış yolunun bu olduğunu bildiyimiz üçün hər şeyə rəğmən, çıxdıq", - deyə o, əlavə edir.

Sananı ve uşaqlarını götürmək üçün bir maşın gəlir və Sana maşına əyləşəndə sonuncu dəfə doğulub böyüdüyü şəhərə baxır. Onların sağ qalıb-qalmaması onları xilas etmək üçün gələn tanımadıqları şəxslərin əlində idi. Onların hara getdiklərindən xəbərləri yox idi. Amma bilirdilər ki, daha orada qala bilməyəcəklər.

"Gedəndə uşaqlarıma baxdığım an, həyatımın ən bərbad anı idi. Çox çarəsiz idim. Fikirləşirdim ki, onları Əfqanıstandan sağ çıxara biləcəyəmmi?", - deyə Sana həmin anlardan danışır.

Sana deyir ki, qadınlara qarşı zorakılıq törətdiyinə görə həbsə atdığı şəxslər 3 aydır onu axtarırlar, çünki Taliban şəhərlərdə irəlilədikcə həbsxanaları açıb, bu şəxsləri qisas almaları üçün azadlığa buraxıb.

Sana bildirib ki, onun hakim işlədiyi məhkəmə ağır cinayətlər üzrə işlərə baxıb. Qətl, intihar və zorlama kimi işlərdə hakimlik edən San, bu işlər üzrə çox ağır qərarlar çıxartdığını deyir: "İndi hamısı azadlıqda olan bu şəxslərin böyük əksəriyyəti məhkəmədə mənə deyirdi ki, səni tapıb öldürəcəyik", - deyə o, əlavə edir.

[caption id="attachment_110380" align="aligncenter" width="771"] Hakim Sana və azyaşlı oğlu[/caption]

BBC-nin son araşdırmasına görə, Taliban hakimiyyəti dövründə 220-dən çox qadın hakim qisas qorxusu ilə evlərini tərk edərək gizlənib. Əfqanıstanda gizləndikləri yerlərdən danışan bu qadınların çoxu hər gün ölüm təhdidləri aldıqlarını bildiriblər.

İttihamlara cavab olaraq BBC-yə danışan Taliban sözçüsü Bilal Kərimi deyib ki, hakim qadınlar da digər ailələr kimi heç nədən qorxmadan yaşamalıdırlar: "Heç kim onları təhdid etməməlidir. Xüsusi hərbi birliklərimiz bu qadınların şikayətlərini araşdırıb, əgər təhlükə varsa, aradan qaldırmaqla bağlı tapşırıq alıblar", - Taliban sözçüsü Bilal Kərimi bildirib.

Kərimi həmçinin Talibanın Əfqanıstandakı bütün keçmiş hökumət işçiləri üçün “ümumi amnistiya” vədini təkrarlayıb.

Ancaq Sana son bir neçə ayı "kabus" kimi təsvir edir: "İki-üç gündən bir yer dəyişib küçədən təhlükəsiz evlərə, otellərə köçürdük. Geri dönə bilməzdik, çünki öz evlərimiz artıq nəzarətə götürülmüşdü", - deyə bildirir.

Qaçış

Sana deyir ki, hərəkətə başladıqdan sonra 10 saat yol gediblər. 10 saat ərzində heç yatmayıblar. Taliban silahlıları hər yarım saatdan bir avtomobilləri saxlayıb, sərnişinləri yoxlayıb. O, balaca oğlunu yol boyunca qucağında saxlayıb və oradan sağ çıxa biləcəklərinə inanmayıb. 

"Hakim olduğumu bilsələr, oradaca öldürəcəkdilər", - deyə Sana göz yaşlarını saxlaya bilmədən danışır.

Sana deyir ki, "həmişə düşünürdüm ki, qadın nə vaxt ölümü seçər? Amma ümidimi itirməyə başlayanda artıq mən də o nöqtəyə gəldim. Özümü öldürməyə hazır idim"

Sana və uşaqları 10 saatlıq yolu təhlükəsiz sağ-salamat keçdikdən sonra, uçuşa qədər 1 həftə başqa bir evdə gizləniblər: "1 həftə sonra təyyarəyə mindik, təyyarə havaya qalxdıqdan sonra, içəridə olan hər kəs göz yaşlarına boğuldu. Artıq xilas olmuşduq", - deyə o, əlavə edib.

[caption id="attachment_110381" align="aligncenter" width="975"] Yunanıstandakı müvəqqəti sığınacağı[/caption]

Sığınacaq

Afinaya çatdıqdan sonra 26 qadın hakim və ailələri koronavirus (Covid-19) testi veriblər. Daha sonra isə mənzillərə yerləşdiriliblər. Yunanıstan hakimiyyəti və müxtəlif xeyriyyə təşkilatları tərəfindən hakimlərə müvəqqəti viza proqramı çərçivəsində 14 gün ərzində yemək və həyat üçün lazım olan digər əşyalar verilib.

İki həftə sonra isə nə olacağı bilinmirdi. Hakimlərə üçüncü bir ölkədən sığınacaq istəmək təklif olunub.

İngiltərədən sığınacaq istəyən hakimlərin içində Əsma da var idi. Bu, 25 ildir hakimlik edən Əsmanın Talibandan ilk qaçışı deyildi. Taliban 1996-cı ildə Əfqanıstanı SSRİ-dən aldıqdan sonra, Əsma və ailəsi Əfqanıstandan qaçmışdı. Ancaq 2001-ci ildə Amerika və NATO qüvvələri Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra, Əsma və ailəsi ölkəyə geri qayıdıb. Əsma yenidən hakim işləməyə başlayıb.

"Taliban silahlılarının nəzarəti ələ alması ilə ikinci dəfədir qaçırıq. Onlar iqtidara ilk dəfə gələndə də mən hakim idim. Hətta o vaxt da toplumdan ilk atılanlar qadın hakimlər oldu", - deyə Əsma bildirir. Sana da Talibanın yüksəlişinə şahidlik edənlərdən biridir. 90-cı illərdə Taliban hakimiyyətə gələndə o, hüquq fakültəsini təzəcə bitirmişdi. Ancaq işdən ayrılmağa və 5 il evdə qalmağa məcbur olmuşdu: "Əfqanıstanda qadın hakim olmaq özü də bir mübarizə tələb edir. Əvvəlcə ailəni təhsil almağına razı salmalısan. Daha sonra universitetdə, işdə ümumiyyətlə hər addımda özünü sübut etməlisən", - deyə o, əlavə edir.

Sana deyir ki, Əfqanıstandakı qadın hakimlərin necə bir acı çəkdiklərini bilmək üçün qadın hakimlərə ehtiyac var. Qadınların nələr yaşadıqlarını qadınlar daha yaxşı anlayır və problemlərinin həll olunmasında kömək edir: "Əfqanıstanda qadınların məruz qaldığı cinayəti bildirməsi belə ayıb hesab olunur. Ancaq işi aparan qadın hakimdirsə, ailələrinin bu qadını dəstəkləmək ehtimalı daha yüksəkdir", - deyə o, əlavə edir.

Geridə qalanlar

Sana Yunanıstandakı bu kiçik mənzilində bizə Əfqanıstandakı evinin şəklini göstərir - hüququn təkcə ərinə yox, həm də özünə aid olduğunu deyə bildiyi evinin. Onun sözlərinə görə, onlar ölkədən qaçdıqdan sonra evi yüksək rütbəli Taliban üzvü ələ keçirib. Bu Taliban üzvü hazırda onun evində yaşayır, avtomobilini sürür və bütün əşyalarına sahibdir.

[caption id="attachment_110383" align="aligncenter" width="859"] Sığınacaqda ailələrə hər gün yeməklər verilir[/caption]

Yunanıstana sığınan bütün qadınlar arasında geridə buraxdıqları üçün ən çox pis olanlar isə gənc qadınlardır.

Gənc qadın hakim olan Nərgiz son 5 ildə Əfqanıstanda bir əyalət məhkəməsində işləyib. O, bütün şüurlu həyatını ABŞ-ın dəstəklədiyi Əfqanıstanda yaşayıb. Bu dövrdə təhsil alıb, işləyib.

Nərgiz deyir ki, Taliban iqtidarda olacaqsa, qadınların uğur qazanması və son 20 ildə qazandığı şeyləri əldə saxlaması çətin olacaq.

Talibanın təkcə yüksəlişinə yox, həm də düşüşünə şahid olan yaşlı qadınlar isə daha xoşbəxtdirlər.

Əsma deyir ki, Əfqanıstan qadınları 20 il əvvəlki qadınlar deyil: "Talibanın gəldiyi ilk günlərdə qadınlar hüquqlarına görə etiraz aksiyası keçirirdilər. Bu mərhələyə gəlmək çox asan olmadı. Ancaq bu gün ölkədə bütün qadınlar öz ayaqları üzərində dura bilirlər", - deyə o, əlavə edir.

[caption id="attachment_110384" align="aligncenter" width="905"] Bu yaxınlarda Yunanıstana gələn Nərgiz şəhərə baxır.[/caption]

Sana da ümidlidir. O bildirir ki, onun və qadın hakim yoldaşlarının hazırlanmasına töhfə verdikləri qanunlar asanlıqla tarixdən silinə bilməz. O, haqların Taliban tərəfindən gözardı edilə biləcəyini, lakin heç vaxt silinməyəcəyini deyir.

O, Konstitusiyadan sitat gətirir:

“Maddə 22: Bütün Əfqanıstan vətəndaşları, kişilər və qadınlar bərabər hüquqlara malikdirlər.

“Maddə 43: Təhsil bütün Əfqanıstan vətəndaşlarının hüququdur.

“Maddə 48: Hər bir əfqanın işləmək hüququ var”.

Sana 2009-cu ildə qəbul edilmiş Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması haqqında Qanun layihəsinin hazırlanmasına kömək edib. Qanunda qadınlara qarşı zorakılıq, döyülmə, məcburi nikah, qadınların mülk sahibi olmalarının qarşısının alınması, qadınların və ya qızların məktəbə və ya işə getməsini qadağan etmək də daxil olmaqla 22 hal cinayət hesab olunub.

Hələlik Taliban qərar verib ki, bütün işləyən və təhsil alan qadınlar təhlükəsizlik təmin olunana kimi evdə qalmalıdırlar. Bunun müvəqqəti belə olacağını desələr də, vəziyyətin nə vaxt dəyişəcəyi açıqlanmır.

Taliban sözçüsü Bilal Kərimi BBC-yə verdiyi müsahibədə qadınların gələcəkdə hakim və ya nazir kimi mühüm vəzifələrə yiyələnə biləcəyi ilə bağlı sualı şərh etməyəcəyini deyib və əlavə edib ki, qadınlar üçün iş şəraiti və imkanları hələ də müzakirə olunur.

Sana isə deyir ki, Yunanıstandakı sığınacaqlarından vətəninə baxdıqda, çox acı bir ədalətsizlik görür.

"İndi qadınlar öz evlərində həbsdədirlər, amma bir vaxtlar həbs etdiyim cinayətkarlar azadlıqdadır. Əfqanıstan nə Talibandır, nə də hər hansı xüsusi qrup. Əfqanıstan bütün əfqanlarındır, mən Əfqanıstan insanına yenə də dəstək olmağa davam edəcəm", - deyə Sana fikirlərini tamamlayır.

Fotolar: Derrick Evans

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun