Özbəkistan prezident seçkisi astanasında: Azadlıq Radiosunun əməkdaşları zorlanma və ölümlə təhdid edilir

Özbəkistan prezident seçkisi astanasında: Azadlıq Radiosunun əməkdaşları zorlanma və ölümlə təhdid edilir
22 Oktyabr 2021
Mətni dəyiş
Azadlıq Radiosunun Özbəkistan şöbəsinin əməkdaşları ölkədə prezident seçkisi astanasında çoxsaylıq təhdidlərlə üzləşib. Bu barədə nəşrin saytında məlumat verilib. Qeyd edilib ki, oktyabrın 16-da, 30 dəqiqə ərzində özbək şöbəsinin teleqram kanalında jurnalistlərin və onların ailələrinin ünvanına onlarla təhdid və təhqirdolu mesajlar gəlib. Mesajlarda başkəsmə, seksual zorlama təhdidləri və pornoqrafik görüntülər yer alıb. Şərhlərin bəzilərində “Azadlığın əsl məqsədinin Özbəkistanda qiyam təşkil etmək, sülhü pozmaq və prezidentin nüfuzuna xələl gətirmək” olduğu deyilib. Təhdidlər anonim hesablardan gəlib. Azadlıq Radiosu bildirib ki, buna baxmayaraq, əməkdaşlar ən azından iki mesajın sosial şəbəkələrdə hökumətyönlü siyasəti təbliğ edən hesablar tərəfindən yazıldığını təyin ediblər. Azadlıq Radiosu media şirkətinin prezidenti Ceymi Flay Özbəkistan şöbəsinin ünvanına yönəldilən təhdidləri “iyrənc” adlandırıb və rəsmi Daşkəndi müstəqil mediaya qarşı hədə-qorxu taktikasına dərhal son qoymağa çağırıb. Azadlıq Radiosunun özbək şöbəsi Özbəkistanda 2019-cu ildə bloklanıb. Ölkədə prezident seçkiləri oktyabrın 24-nə təyin edilib. Mərkəzi Seçki Komissiyası 5 namizədi qeydiyyatdan keçirib. Onlar arasında Liberal-Demokrat Partiyasından hazırkı dövlət başçısı Şavkat Mirziyoyev də var. Onun seçkilərdəki rəqibləri "Adolat" Sosial Demokrat Partiyasından Bəhrom Abduhalimov, Ekoloji Partiyadan Narzullo Oblomuradov, Demokrat Partiyasından Əlişir Kodirov və Xalq Demokrat Partiyasından Maksuda Vorisova olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun