Müxalifət Baş Prokurorluqdan "Pandora sənədləri"nin araşdırılmasını tələb edir

Müxalifət Baş Prokurorluqdan "Pandora sənədləri"nin araşdırılmasını tələb edir
18 Oktyabr 2021
Mətni dəyiş
Demokratik Qüvvələrin Milli Şurasının  və Azərbaycan Xalq Cəbhəsi Partiyasının  rəhbərləri Cəmil Həsənli və Əli Kərimli  "Pandora sənədləri" beynəlxalq jurnalist araşdırması ilə əlaqədar ölkənin baş prokuroru Kamran Əliyevə müraciət ediblər. Araşdırmada açıqlanan materiallara əsasən, Azərbaycan prezidentinin ailəsi Böyük Britaniyada 429 milyon funt-sterlinq (700 milyon dollar) dəyərində daşınmaz əmlak alıblar. C.Həsənli və Ə.Kərimli əvvəllər də Azərbaycanın yüksək vəzifəli məmurlarının adlarının "pulların yuyulması", vəsaitlərin offşorlara köçürülməsi ilə bağlı beynəlxalq qalmaqallarda keçdiyini xatırladıblar. 2017-ci ildə Demokratik Qüvvələrin Milli Şurası digər qalmaqallı araşdırma - "Azərbaycan landromatı" ilə bağlı ölkənin Baş Prokurorluğuna müraciət edib. Həmin materiala görə, ölkədən 3 milyard dollar çıxarılıb və yuyulub. Demokratik Qüvvələrin Milli Şurası  və Azərbaycan Xalq Cəbhəsi Partiyası hesab edirlər ki, Baş Prokurorluq göstərilən faktlarla bağlı cinayət işi açmalı, hərtərəfli və obyektiv araşdırma aparmalıdır. Müraciətdə qanunvericiliyin konkret maddələri göstərilir və deyilir ki, prokurorluq qeyd olunan hallarda araşdırma aparmağa borcludur. Bundan öncə Müsavat Partiyası da analoji müraciətlə çıxış edib, lakin heç bir reaksiya verilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun