Misirdə 4 ildən sonra fövqəladə vəziyyət rejimi ləğv edilib

Misirdə 4 ildən sonra fövqəladə vəziyyət rejimi ləğv edilib
26 Oktyabr 2021
Mətni dəyiş

Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ölkədə 4 ildən çoxdur tətbiq olunan fövqəladə vəziyyət rejimini ləğv edib. 

2017-c ildən bəri tətbiq olunan fövqəladə vəziyyət rejiminin ləğvi ilə bağlı qərarı prezident özünün feysbuk hesabında açıqlayıb.

"İllər sonra ilk dəfə bütün ölkədə fövqəladə vəziyyət rejiminin ləğv olunması ilə bağlı qərar verdim. Uzun zamandır uğrunda mübarizə apardığımız bu anı birlikdə yaşadığımıza görə çox sevincliyəm. Misir vəfalı xalqının sayəsində artıq regionda sabitlik və təhlükəsizlik diyarına çevrilib", - deyə Misir Prezidenti Əbdül Fəttah əs-Sisi qeyd edib.

İyulun 12-də ölkədə fövqəladə vəziyyət rejimi 17-ci dəfə 3 ay müddətinə uzadılıb. İyulun 24-dən qüvvədə olan fövqəladə vəziyyət rejiminin bu gün yenidən uzadılacağı gözlənilirdi.

Fövqəladə vəziyyət rejimi 2017-ci ilin aprelində kilsələrə ardıcıl hücumlardan sonra tətbiq edilmişdi. Həmin terror aktlarında 45 nəfər həlak olmuş, 130-dək insan xəsarət almışdı. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürmüşdü.

Bundan əvvəl də Misirdə uzunmüddətli fövqəladə vəziyyət rejimi tətbiq olunub. 1982-ci ildə də tətbiq edilmiş analoji rejim yalnız 2012-ci ilin yanvarında ləğv edilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun