“Facebook”un keçmiş əməkdaşı: "Şirkətin prioriteti nifrət nitqi və saxta xəbərlərlə mübarizə aparmaq yox, qazanc əldə etməkdir"

“Facebook”un keçmiş əməkdaşı: "Şirkətin prioriteti nifrət nitqi və saxta xəbərlərlə mübarizə aparmaq yox, qazanc əldə etməkdir"
4 Oktyabr 2021
Mətni dəyiş
"Facebook"un minlərlə daxili yazışmasını və sənədlərini mediaya sızdıran keçmiş əməkdaş şəxsiyyətini açıqlayıb. "Facebook"un dezinformasiya şöbəsinin keçmiş işçilərindən 37 yaşlı Frensis Hauqen CBS televiziyasında sənədləri özünün sızdırdığını deyib və şirkətlə bağlı ittihamları şəxsən dilə gətirib. Frensis Hauqen "Facebook"un prioritetinin “nifrət nitqi və dezinformasiya ilə mübarizə deyil, gəlir əldə etmək” olduğunu deyib. [caption id="attachment_109605" align="alignnone" width="1280"] Frances Haugen[/caption] Hauqen “The Wall Street Journal” qəzetinə sızdırdığı sənədlərin "Facebook"-un “böyüməyi təhlükəsizlikdən üstün tutduğunu” sübut etdiyini vurğulayıb. Sızdırılan sənədlərdən bəziləri "Facebook"-un məşhur və çox izləyicisi olan bir qism istifadəçiyə məzmun kontrolu baxımından digər istifadəçilərdən fərqli yanaşdığını ortaya qoyur. "Facebook" tərəfindən verilən açıqlamada isə bu sənədlərin yalnış təəssürat yaratdığı və şirkətin müsbət fəaliyyətlərini kölgələdiyi vurğulanıb. Məşhurlara qarşı fərqli yanaşma CBS-in “60 dəqiqə” proqramına qonaq olan Hauqen bu ilin əvvəlində daha dözə bilməyəcəyini hiss edərək "Facebook"dakı işindən ayrıldığını deyib. Hauqen işdən çıxmadan əvvəl çox sayda daxili yazışma və sənədi də kopyalayıb. “The Wall Street Journal” qəzeti sızdırılan sənədləri son üç həftədir “Facebook faylı” adlı altında yayımlayır. Yayımlananlar arasında məşhurlar, siyasətçilər və tanınmış "Facebook" istifadəçilərinə şirkət tərəfindən fərqli yanaşma olduğunu, bu cür hesablara digər istifadəçilərdən fərqli nəzarət siyasəti tətbiq edildiyini, ya da heç nəzarət edilmədiyini göstərən sənədlər də var. Bundan başqa, sızdırılan bəzi sənədlər də "Facebook"un bir qrup səhmdarı tərəfindən açılan qarışıq məhkəmə işi ilə üz-üzə olduğunu göstərir. Bu qrupun iddiaları arasında "Facebook"un “Cambridge Analytica” məlumat qalmaqalı səbəbindən ABŞ Federal Ticarət Komissiyasına 5 milyard dollarlıq ödəməsinin miqdarının təsisçi və CEO Mark Zukerberqi şəxsi məsuliyyətdən qurtarmaq üçün bu qədər yüksək tutulduğu da yer alır. Instagramla bağlı iddialar Sənədlərdə amerikalı siyasətçiləri ən çox narahat edən hissə isə Instagramla bağlı iddialardır. Bu platformanın da sahibi olan "Facebook"un apardığı bir daxili araşdırma Instagramın 20 yaşından kiçik gənclərin psixi sağlamlığına təsir etdiyini ortaya qoyub. Lakin şirkət platformanın bir çox gənc üçün “toksik bir yer” halına gəldiyini göstərən araşdırma nəticələrini ictimaiyyətlə paylaşmayıb. “The Wall Street Journal” tərəfindən paylaşılan cədvəllərə görə, araşdırmada iştirak edən 20 yaşdan kiçik qadınların 32 faizi Instagramın öz bədənləri ilə bağlı pis hiss etmələrinə səbəb olduğunu deyib. "Facebook"-un keçmiş əməkdaşı Frensis Hauqen çərşənbə axşamı günü ABŞ Senatorluğunda “İnternetdə uşaqların qorunması” mövzusunda keçiriləcək iclasa şahid qismində qatılacaq və şirkətin Instagramın gənc istifadəçilərin psixi saxlamlığına təsirləri barədə araşdırması ilə bağlı məlumat verəcək. Ötən həftə də "Facebook"un bir idarəçisi ABŞ Senatorluğunda şahidlik edib və sızdırılan sənədlərin platformanın gənclərə müsbət təsirlərindən bəhs etmədiyini, bu baxımdan yanıltdığını söyləyib. İctimai maraq, ya Facebook maraqları? "Facebook"-un keçmiş əməkdaşı Hauqenin şirkətlə bağlı şahidliyinin isə daha sərt olacağı gözlənilir. “İctimaiyyət üçün faydalı olanla "Facebook" üçün xeyirli olan arasında maraq toqquşması yaşanırdı. "Facebook" dəfələrlə, məsələn, daha çox pul qazanmaq kimi məsələlərdə öz maraqlarını önə çəkməyi seçirdi”, deyə Hauqen CBS-ə verdiyi müsahibəsində bildirib. Hauqen ötən yanvar ayında ABŞ Konqresi önündə və daxilində yaşanan zorakılıq hadisələrindən də danışıb və "Facebook"un baş verənlər zamanı şiddəti qızışdırmaqda böyük rol oynadığını iddia edib. Hauqen "Facebook"un ötən il noyabr ayındakı ABŞ seçkiləri zamanı dezinformasiya mövzusunda nəzarəti artırdığını, amma bunu sadəcə müvəqqəti etdiyini də sözlərinə əlavə edib. “Seçkilər bitən kimi hər şey əvvəlki vəziyyətinə döndü. Nəzarət mexanizmləri təhlükəsizlikdən daha çox prioritet olduğu zamanlara qaytarıldı və bu, həqiqətən də demokratiyaya xəyanət idi”. İctimaiyyətlə bağlı CNN televiziyasında sualları cavablandıran "Facebook"un Qlobal Əlaqələr Şöbəsinin müdir köməkçisi Nikk Kleq isə yanvar ayındakı zorakılıq hadisələrinin məsuliyyətinin şirkətin üzərinə yıxılmasını gülünc adlandırıb. “Bu, insanlarda Amerika Birləşmiş Ştatlarında siyasi qütbləşmənin yaşandığı mövzuları texnoloji, texniki səbəblərlə izah etmək kimi yanlış rahatlıq yaradır”, deyə eyni zamanda Böyük Britaniyanın sabiq baş nazirinin köməkçisi olan Kleq söyləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun