Avropa İnsan Haqları Məhkəməsi AXCP-nin şikayətini araşdırır

Avropa İnsan Haqları Məhkəməsi AXCP-nin şikayətini araşdırır
27 Oktyabr 2021
Mətni dəyiş
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) şikayətini araşdırmağa başlayıb.
AİHMAZ yazır ki, şikayət partiyanın təsis sənədlərinə edilmiş dəyişikliklərin Ədliyyə Nazirliyində qeydiyyata alınmamasından verilib.
İşin hallarına görə, 2015-ci ilin fevralında ərizəçi, partiyanın sədri Əli Kərimli, sədr müavini Nurullayevin (Razi Nurullayev, hazırda Milli Məclisin deputatıdır) tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edib.
2015-ci ilin sentyabrında isə partiyanın qurultayı keçirilib.
Qurultay Əli Kərimlini yenidən sədr seçib və partiyanın əsas rəhbər orqanlarının üzvlərini təsdiq edib.
Ərizəçi partiya həmin dəyişikliklərin qeydə alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib, ancaq nazirlik qeydiyyat sənədlərini geri qaytarıb.
Sənədlərin geri qaytarılma səbəbinə gəlincə, nazirlik bunu eyniməzmunlu başqa bir müraciət alması ilə izah edib. Həmin müraciətə əsasən, 2015-ci ilin oktyabrında həmin partiyanın başqa bir qurultayında (etimad qurultayı) Razi Nurullayev partiya sədri vəzifəsinə seçilib.
Ərizəçi partiya Ədliyyə Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb, bildirib ki, "etimad qurultayı” Razi Nurullayev də daxil olmaqla, partiya üzvlüyü ləğv edilmiş şəxslər tərəfindən təşkil edilib.
Ərizəçi partiya məhkəmədən xahiş edib ki, 2015-ci ilin sentyabrında çağırılan qanuni qurultayda qəbul edilmiş dəyişikliklərin qeydiyyata alınmasını Ədliyyə Nazirliyinin üzərinə vəzifə qoyan qərar qəbul etsin.
Məhkəmələr ərizəçi partiyanın mübahisə mövzusu olan hadisə ilə bağlı hər hansı sənəd təqdim etməməsini, məhkəmənin özünün qurultayı qeyri-legitim saymasının mümkün olmadığını və Ədliyyə Nazirliyinin iki qurultaydan hansının qanuni olmasını müəyyən etmə öhdəliyinin olmadığını əsas göstərərək iddianı rədd edib.
Partiya AİHM qarşısında şikayət edir ki, yerli hakimiyyət orqanları legitim qurultayında qəbul edilmiş dəyişiklikləri qeydə almamaqla, onun Konvensiyanın 11-ci maddəsində nəzərdə tutulmuş birləşmək azadlığı hüququnu pozub.
Ərizəçi partiya, həmçinin Konvensiyanın 11-ci maddəsi ilə birlikdə götürülməklə 13-cü maddə üzrə şikayət edir ki, daxili məhkəmələr partiyanın ciddi və əsaslı arqumentlərini nəzərə almadığı və təqdim edilmiş sübutları qiymətləndirə bilmədiyi üçün onun effektiv hüquqi müdafiə vasitələrinə malik olmaq hüququ pozulub.
Son olaraq Konvensiyanın 11-ci maddəsi ilə birlikdə götürülməklə 18-ci maddəyə əsasən, ərizəçi şikayət edir ki, Ədliyyə Nazirliyinin təsis sənədlərinə edilmiş dəyişiklikləri qeydə almaqdan imtina etməsi partiyaya qarşı təqib siyasətinin tərkib hissəsidir.
Xüsusilə qeyd edilir ki, partiya fəalları sistematik şəkildə həbs edilir, siyasi səbəblərə görə mühakimə olunur və partiyanın lideri Kərimlinin ölkədən çıxışına qeyri-qanuni yasaq qoyulub.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) —Azərbaycan Milli Azadlıq hərəkatının və 1993-cü ilə qədərki dövrün aparıcı ictimai-siyasi təşkilatı olan Azərbaycan Xalq Cəbhəsinin (AXC) varisidir.
1995-ci ildə Azərbaycan Xalq Cəbhəsinin bazasında və onun rəsmi varisi kimi qurulub.
Həmin il sentyabrın 1-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun