“Amnesty International” Çinin təzyiqləri nəticəsində Honq Konq ofisini bağlamaq qərarına gəlib

“Amnesty International” Çinin təzyiqləri nəticəsində Honq Konq ofisini bağlamaq qərarına gəlib
25 Oktyabr 2021
Mətni dəyiş
“Amnesty International” Çinin qəbul etdiyi “milli təhlükəsizlik qanunu”na görə, işçilərinin təhlükəsizliyi ilə əlaqədar narahatlıqlar olduğunu və bu səbəbdən Honq Konq ofisinin ilin sonuna qədər bağlanacağını açıqlayıb. Təşkilatın açıqlamasında bildirilib ki, yerli ofis ayın sonuna qədər, regional qərargah isə ilin sonuna qədər bağlanacaq. Bu qərarla qurumun şəhərdəki 40 illik varlığı sona çatacaq. Tədqiqat, təbliğat və təşviqat əməliyyatları Asiya-Sakit Okeandakı digər “Amnesty International” ofislərinə köçürüləcək. “Amnesty İnternational” təşkilatının beynəlxalq idarə heyətinin sədri Mya Sinq Bais Anjhula deyib: “Çətin qərar idi. Honq Konqdakı insan haqları təşkilatlarının müstəqil və hökumətdən ciddi qisas almaqdan qorxmadan çalışmalarının mümkünsüz edən Çinin “milli təhlükəsizlik qanunu” bizi bu qərarı almağa vadar edib. Son vaxtlar yerli insan haqları və həmkarlar ittifaqı qrupları hədəfə alındığından və hakimiyyətin şəhəri bütün müxalif səslərdən təmizləmək kampaniyası gücləndiyindən bu addım qaçılmaz olub. Belə qeyri-sabit şəraitdə fəaliyyətimizi davam etdirməyimiz qeyri-mümkün olub”. Milli Təhlükəsizlik Qanunu nədən ibarətdir? Milli təhlükəsizlik qanunu 2020-ci ilin iyun ayında qüvvəyə minib və xarici əlaqələr, terrorizm, separatizm və təxribat cinayətləri sayılan hərəkətlər geniş şəkildə qanunsuz sayılıb. Qanun çərçivəsində 150 ​-dən çox adam həbs edilib. Siyasi ritorika, qeyri-zorakı hərəkətlər, demokratiya və ya müstəqillik tərəfdarı olan onlayn paylaşımlar indi həbs üçün əsas ola bilər. Çox sayda fəal, təşviqatçı və siyasətçi istintaq təcridxanasında saxlanılır. Qanun məktəb proqramlarından ictimai sənətlərə, xatirə muzeylərinə və geyimlərə qədər gündəlik həyatın müxtəlif sahələrini hədəf alıb. "Pekin Honq Konqu tam təzyiq və avtoritarizmlə dəyişdirir" Bu qanunla müxalifət qəzetləri bağlanıb, mətbuat işçiləri həbs edilib, siyasi və vətəndaş cəmiyyəti qruplarının fəaliyyətinə xitam verilib. Qanun qüvvəyə minəndən bəri Honq Konqda ən azı 35 vətəndaş cəmiyyəti qrupu və həmkarlar ittifaqı dağılmaq məcburiyyətində qalıb. "Milli təhlükəsizlik qanununun yaratdığı təzyiq və daimi qeyri-müəyyənlik şəraiti hansı fəaliyyətlərin cinayət sanksiyalarına səbəb ola biləcəyini bilməyi mümkünsüz edir", deyə Bais bildirib. O, qanunun qeyri-müəyyənliyinin səlahiyyətlilərin üstünlük verdiyi şəxslərə qarşı iş açmaq üçün "manipulyasiya edildiyini" izah edir. Honq Konqda nə baş verib? 19-cu əsrdə tiryək müharibələri ilə ingilislər tərəfindən ələ keçirilən Honq Konq o dövrdə əldə edilən razılaşmaya əsasən, 1997-ci ildə Çinə geri verilib. Sonrakı illərdə Pekin Honq Konqdakı azad mühitin ölkədəki rejim üçün təhlükə yaratdığını görüb və bunun üçün müqaviləyə əsasən, öz sistemini qorumaq hüququna malik olan muxtar şəhərə təzyiq etməyə başlayıb. Milyonlarla insan qanuna qarşı etirazlarda iştirak edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun