Əfqanıstanda qadınlar BMT-yə etiraz ediblər: "Səsimiz yetərincə eşidilmir"

Əfqanıstanda qadınlar BMT-yə etiraz ediblər: "Səsimiz yetərincə eşidilmir"
27 Oktyabr 2021
Mətni dəyiş

Əfqanıstanın paytaxtı Kabildə bir qrup qadın Birləşmiş Millətlər Təşkilatının (BMT) Əfqanıstandakı nümayəndə heyəti qarşısında etiraz aksiyası keçirib. 

Aksiya keçirən əfqan qadınlar bildiriblər ki, onların səsi yetərincə eşidilmir.

Aksiyada "Qadınların cəmiyyətdən silinməsi cəmiyyətin silinməsi deməkdir", "İşləmək və təhsil almaq ən təbii haqqımızdır", "BMT qadınlara edilən zülmün qarşısında susmamalıdır" yazılı posterlər qaldırılıb.

Aksiya iştirakçıları bildiriblər ki, dünya əfqanların səsini kifayət qədər eşitmir. "Taliban qadın hüquqlarını tanımadıqca, dünya da Talibanın hakimiyyətini legitim hakimiyyət kimi tanımamalıdır", - deyə aksiya iştirakçıları çağırış ediblər.

Onlar bildiriblər ki, Əfqanıstanda aclıq, səfalət yaşanır. Uşaqlar aclıqdan ölürlər. Müəllimlər dilənçilik edirlər.

Bundan əvvəl, avqustun 15-də Əfqanıstana nəzarəti ələ keçirən Taliban silahlı qruplaşması Birləşmiş Millətlər Təşkilatına (BMT) məktubla müraciət edib.

Məktubda bildirilib ki, Taliban BMT-nin iclaslarında iştirak etmək istəyir.

Talibanın Əfqanıstanı ələ keçirməsindən sonra təyin olunan yeni xarici işlər naziri Əmir Xan Mütəqqinin BMT-yə ünvanladığı məktubda qeyd edilib ki, ümumi sessiyada ən çox müzakirə olunan mövzu Taliban olduğu üçün, onların da nümayəndəsi BMT iclaslarında iştirak edib, ittihamlara cavab verməlidir.

Taliban BMT-nin qarşısına iştirakla bağlı şərt qoyub.

Məktubda o da qeyd olunub ki, Əfqanıstanı keçmiş hökumətin BMT yanında daimi nümayəndəsi Qulam İsakzai olub, ancaq artıq o, vəzifəsindən kənarlaşdırılıb. Daimi nümayəndə kimi təşkilatın sözçülərindən Suheyl Şahini namizəd göstərilib. Taliban onun təsdiqlənməsini istəyib.

Ölkələr BMT yanında daimi nümayəndə namizədlərinin adını təşkilata göndərdikdən sonra BMT Baş Assambleyasının Akkreditasiya Komitəsi tərəfindən təsdiqlənir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun