14 Yanvar 2021
Mətni dəyiş
Yanvarın 14-də KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərli məhkəmə qərarı ilə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb. Bu sensasiya doğuran xəbəri cümə axşamı Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti yayıb.
Mənbənin məlumatına görə, Səfərli böyük vəsaiti mənimsəməkdə ittiham olunur. Xüsusən, Bakıda jurnalistlər üçün iki binanın tikintisi layihəsinin həyata keçirilməsi zamanı böyük ölçüdə israf, sənədlərin saxtalaşdırılması və sui-istifadə hallarına yol verilib.
Səfərli KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 2009-2020-ci illərdə rəhbərlik edib.
Bu illər ərzində o, dövlət başçısının keçmiş köməkçisi Əli Həsənova məxsus olan Beynəlxalq Mətbuat Mərkəzində Fondun ofisini şişirdilmiş qiymətlə icarəyə götürüb. Dövlətə vurulan ziyan 800 min manatdan artıq olub.
Prokurorluq Səfərlinin 300 min manatı qohumuna məxsus “Futbol-Qol” qəzetinin hesabına köçürməklə mənimsədiyini, habelə dəftərxana ləvazimatlarının alınması və təntənəli tədbirlərin keçirilməsi zamanı 200 min manatdan çox vəsaiti mənimsədiyini bildirir.
Başqa şəxslərlə qabaqcadan əlbir olaraq, qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.
Ona qarşı Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələr üzrə o, 14 ilədək azadlıqdan məhrum edilə bilər. Onun şəriki Nadir Məmmədov da bu cinayətlərdə iştirak etmək ittihamı ilə həbs edilib. Bu cinayətlərdə iştirak etmiş digər şəxslərin müəyyən edilməsi üzrə istintaq aparılır, deyə məlumatda bildirilir.