Tələbə: "Təhsil kreditləri ölkədə çox ciddi sosial problemə səbəb olacaq"

Tələbə: "Təhsil kreditləri ölkədə çox ciddi sosial problemə səbəb olacaq"
25 Yanvar 2021
Mətni dəyiş

Bu günlərdə Azərbaycanın Təhsil naziri Emin Əmrullayev mətbuat konfransında təhsil kreditləri ilə bağlı məsələyə toxunub. Artıq uzun müddətdir Azərbaycanda müzakirə olunan təhsil kreditləri məsələsi indi həll olunacaq kimi görsənir, ancaq bir çox sualların üstü hələ də açıq qalır. 

Nazir deyib ki, bu kreditlər veriləcək. Onun sözlərinə görə, təhsil kreditlərinin iki istiqamətdə olması düşünülür, onlardan biri də sosial kreditlərdir. Həmin kreditlər isə faizsiz olacaq.

Bu kredit kimlərə veriləcək? Hansı formada veriləcək? Niyə veriləcək? Nə qədər veriləcək? Bu kimi sualların hələ də açıq qalmasına baxmayaraq, tələbələrə bu güzəşti dəstəkləyənlər də var, dəstəkləməyənlər də.

"Kreditlər ölkədə çox ciddi bir sosial problemə səbəb olacaq"

Bakı Dövlət Universitetinin şərqşünaslıq fakülitəsinin tələbəsi Rüstəm İsmayılbəyli deyir ki, bu kreditlərin ən böyük problemi ölkədəki gənclərin işsizlik faizidir.

Onun sözlərinə görə, Azərbaycanda gənclərin az qala yarısı işsizdir, iş tapa bilmir.

"Bu halda Təhsil Nazirliyi fikirləşməlidir ki, məzun olan kimi kreditin ödənişini istəyəcəyi tələbələr necə iş tapacaqlar? Necə o pulu ödəyəcəklər? Tələbə məcbur qalıb o krediti götürəcək, çünki pula ehtiyacı var. Amma gənc işsizliyi bu qədər yüksək ola-ola o kreditlər ölkədə çox ciddi bir sosial problemə səbəb olacaq", - deyə Rüstəm İsmayılbəyli bildirib.

Gənc fəal deyir ki, Türkiyədə də belə kreditlər var və Türkiyədən olan tələbə dostlarım sayəsində problemlərindən məlumatlıyam.

Onun sözlərinə görə, bu gün bu nəinki Türkiyədə, hətta ABŞ-da da çox ciddi problemdir. Bayden gələn kimi bu kreditləri dondurmaqla bağlı qərar imzaladı, çünki pandemiyada heç kim ödəyə bilmir.

"ABŞ-ın pandemiya dövründəki işsizliyin bizim standart işsizliyimizdən aşağı olduğunu nəzərə alsaq, bu kreditlərin sonu sosial problemdir", - deyə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakülitəsinin tələbəsi Rüstəm İsmayılbəyli bildirib.

"Mən ümumiyyətlə təhsildə güzəştlərin əleyhinəyəm"

Təhsil eskperti Nabatəli Qulamoğlu deyir ki, çoxları mənim fikrimlə razı deyillər, amma mən ümumiyyətlə təhsildə güzəştlərin əleyhinəyəm. Onun sözlərinə görə, necə ki, uşağın elədiyi bir yanlış hərəkətə görə dəfələrlə ona güzəşt edirsən və sonda o tərbiyəsiz uşağa çevrilir, təhsildə də belədir.

"Təhsildə güzəşt olmamalıdır, güzəşti başqa yöndə etmək lazımdır. Əgər sən doğurdan da sosial vəziyyəti ağır olan ailələrə kömək etmək istəyirsənsə, başqa sahədə elə. Bu ailələrə yardım elə. Məsələn, vətəndaş aldığı pulu gətirib qoyacaq savadsız uşağın təhsilinə və göyə sovuracaq. Mən savadsız uşaqlar üçüb pul ayırmağı doğru hesab eləmirəm", - deyə ekspert bildirib.

Nabatəli Qulamoğlu deyir ki, ümumiyyətlə dünyada təhsil ödənişsiz deyil, onun pulunu ya dövlət ödəyir, ya valideyin ödəyir.

Onun sözlərinə görə, dünyada təhsil kreditləri ilə bağlı məsələ biraz fərqlidir.

"Dünyanın aparıcı şirkətləri var və o şirkətlərə kifayət qədər kadrlar lazımdır. Birinci kursda oxuyan gənc tələbələrlə görüşürlər, onların içindən yaxşı perespektivi olanları seçirlər və o tələbəynən müqavilə bağlayırlar. Müqavilə bağlayan deyir ki, mən səninlə müqavilə bağlayıram, sənin təhsil haqqını ödəyirəm, sən ali məktəbi bitirdikdən sonra 5 il mənim müəssisəmdə çalışacaqsan. Bundan sonra müqavilə bağlanır. Belə olanda dövlət də rahat olur, valideyin də. Elə həmin tələbə də rahat olur və rahatca oxuyur. Təəssüf ki, bu Azərbaycanda mümkün deyil", - deyə o, vurğulayıb.

Nabatəli Qulamoğlu son olaraq əlavə edib ki, ümumilikdə isə inanmıram ki, bu qərar təhsildə böyük dönüş etsin. Sadecə müəyyən təbəqə insanların təhsil almasına kömək edəcək.

7 mindən çox tələbə...

Son 5 il ərzində 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsilini yarımçıq qoyub, ali təhsil almaqdan imtina edib.  Ölkəmizdəki təhsil ocaqlarının ixtisas üzrə ortalama təhsil haqqı 2 min manat təşkil edir. Bəzi ixtisaslar üzrə bu rəqəm 6500, 5000, 4500 manatdır ki, bu məbləğin də ödənilməsi hər ailənin gəlirlərinə uyğun deyil. Ölkədə fəaliyyət göstərən 50-dən çox ali təhsil müəssisəsində 160 mindən çox tələbə təhsil alır ki, onların da 70 faizi öz vəsaitləri hesabına, yəni ödənişli əsaslarla təhsil alır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun