S. Baycan: “Dahi olmaq istəyirəm”. G. Ağayev: “Biləsuvarda doğulan dahi olmaz”

S. Baycan: “Dahi olmaq istəyirəm”. G. Ağayev: “Biləsuvarda doğulan dahi olmaz” Seymur Baycan və Gündüz Ağayev (sağda)
8 Yanvar 2021
Mətni dəyiş

Yazıçı Seymur Baycanla hazırda Fransada yaşayan rəssam Gündüz Ağayev bir sıra mövzularda maraqlı söhbət ediblər. Həmin müsahibəni təqdim edirik.

Seymur Baycan: Bir rəssam kimi Hitlerin rəsmlərinə qiymət verməyini xahiş edirəm.

Gündüz Ağayev: Əvvəla çox doğru deyirsən ki, Hitlerin rəsmlərinə qiymət ver. Tanınmış, sözünü sənətdə demiş rəssam haqqında danışsaydıq, biz həmin rəssamın ümumi yaradıcılığı haqqında rahat danışardıq. Hitlerə isə bunu şamil etmək olmaz. Onun üçün “Hitlerin rəsmləri” söz oyunu yerində işlədilir. Hitlerin çəkdiyi demək olar ki, bütün rəsmləri ilk addım sayılır və rəsmlərdə qeyri-peşəkarlıq daha çox hiss olunur. Deyə bilərsən ki, məsələn, Anri Russo da ömrü boyu peşakırlığı tam öyrənməyib. Bəli, Russo peşəkarlığı öyrənməyib, necə bacarıbsa elə də çəkib. Sadəcə Russo ömrünün sonuna kimi yaradıcılığına davam edib. Sənətində ortaya iradə qoyub. Primitivizm cərəyanının yaranmasında rolu olub. Hitler haqqında isə bunu demək olmur. Bəlkə də davam etsəydi, o da başqaları kimi uğur qazanardı. Hitlerin Birinci Dünya Müharibəsində çəkdiyi bəzi rəsmlərində naivlik hiss olunur. Yəni həmin rəsmlərdə daha geniş ürək var. Bəlkə də müharibənin dəhşətlərini öz gözəri ilə gördüyündən şüuraltı olaraq özü də bilmədən o rəsmləri çəkib. Bəlkə də yanılıram. Ola bilsin müharibədə rahat şəraiti olmadığı üçün bu rəsmləri detallı işləməyib. Hər halda siyasətdə necə yarımçıq idisə, rəsmləri də elə görünür. Həm texniki, həm də mövzu baxımından. Mövzu demişkən, onun rəsmlərində əsasən tarixi binalar, qəsrlər təsvir olunub. Vyana Rəssamlıq Akademiyasına daxil ola bilməyən Hitlerə rektorluq məsləhət görüb ki, sənədlərini memarlığa versin. Adamlar fikirləşiblər ev, bina çəkirsə yəqin memarlığa sevgisi var. O, isə razı olmayıb. Çünki hər şeyi yenidən başlamalı idi.

S.B.: Söz oyunu dedin. Nə söz oyunu? Bunu hardan çıxartdın? Niyə hər şeyi qəlizləşdirməyə, müəkkəbləşdirməyə, hər şeydən mütləq bir məna çıxarmağa çalışırsınız? Sadə mövzularda sadə yazılar yazıram, çox vaxt adamlar həmin yazılardan tamam başqa mənalar çıxarırlar. Ola bilsin adamlar o cür sadə mövzularda yazılar yazıla biləcəyinə inanmırlar, fikirləşirlər ki, yox e, burda mütləq nəsə başqa məna var. Ya da sadə mövzularda yazılar yazıla biləcəyini qəbul edə bilmirlər. Düşünürlər hər şey qəliz, mürəkkəb, bəlağətli, əndrabadi olmalıdı.

Yadımdadır “İtirilmiş toyuqların axtarışında” yazısını yazandan sonra Əli Novruzov bir az isterik tonda demişdi ki, sən son vaxtlar modernizmə qarşı müharibə elan etmisən. Gülmək tutmuşdu məni. Nə modernizm, nə müharibə… Sadəcə mövzusuna uyğun olaraq yazıya “İtirilmiş toyuqların axtarışında” adı qoymuşdum. Vəssalam. Marsel Prusta sataşmaq, modernizmə müharibə elan etmək fikri heç ağlımın ucundan belə keçməyib. Mən kiməm ki, modernizmə müharibə elan eləyim. Mən heç bilmirəm modernizm nə deməkdir. Bilmədiyim şeyə qarşı necə müharibə elan edə bilərəm? Yeri gəlmişkən, mənə seksist, seksist deyirlər. Lap bu yaxınlara qədər elə bilirdim ki, mənə tərif deyirmişlər. Yaxınlarda seksist sözünün mənasın öyrənmişəm. Çox pis oldum. Niyə mənə elə deyirlər bilmirəm…

Dünyada zəhləm gedən beş şey varsa, bu beş şeydən biri söz oyunudur. Bilmək istəsən söz oyunu tərbiyəsizlik sayılır. Nəsə…

Rəssamlıq Akademiyasına qəbul ola bilməməsini daima Hitlerin başına vururlar. Elə bil Hitler Azərbaycanın N. rayonunun M. kəndində qırmızı lentli xonçalarla, zurna-balabanla ərə gedib, toy gecəsi qız çıxmayıb. Hətta yazılanlara və deyilənlərə inansaq ibnə ingilislər Hitleri əsəbləşdirmək, onun rəssam kimi uğursuzluğuna işarə vurmaq üçün, ona çox pis çəkilmiş rəsmlər göndərirmişlər.

Biz, ənənələri zəif olan ölkədə böyümüşük. Çox bərbad təhsil almışıq. İyirmi yaşda bilməli olduğumuz şeyləri qırx yaşda öz gücümüzə zorla öyrənirik. Bunun nəticəsində gücümüz maksimum bir sahədə nələrisə öyrənməyə çatır. Başqa sahələrdə tam axsayırıq. Uzun sözün qısası, demək istəyirəm ki, rəssamlıq sənəti haqqında məlumatlarım çox səthidir. Bununla belə düşünürəm ki, Hitler rəssam kimi yoluna inadla davam etsəydi, sahib olduğu o temperamentlə, o emosiya, o dəliliklə çox güman iyirminci əsrin tanınmış rəssamlarından biri olacaqdı. Sənətdə inadkarlıq, ardıcıllıq, iradə vacib şərtdir. Heminquey deyirdi ki, inadkarlığım məni yazıçı etdi. Yuxarıda bu suala qismən cavab vermisən. Amma istərdim daha geniş danışasan. Hitler rəssam kimi yoluna davam etsəydi, təxminən onu hansı nəticə, hansı aqibət gözləyə bilərdi?

G.A.: Hitler əsəbiləşməyib, üzərində işləsəydi məncə onda nəsə alınardı. İşləsəydi deyirəm, əslində elə işləyirmiş də. 3000–dən çox rəsm çəkib. Davam etsəydi, doğru-düzgün başa salanı olsaydı, ən azından şəhər mənzərələri ilə məşhur Vyanalı rəssam kimi tarixdə qalardı. Hitler Avanqard incəsənəti heç vaxt sevməyib. İnsanları çəkməyi də sevmirmiş. Ya da bacarmayıb. Hətta deyilənə görə onun rəsmlərini rəy almaq üçün tanınmış sənətşünasa göstəriblər. O da qayıdıb deyəsən ki, müəllifi insan varlığı maraqlandırmır. Bu fikir qərəzli görünə bilər. Ola bilsin insan təsviri yetərincə onda alınmırmış. Bəlkə də onu həvəsdən salan məhz diplomlu rəssam olmaq istəyi olub. Alman mükəmməliyi, akademik səviyyəyə yüksəlmək arzusu adamı kompleksə salıb. Hitlerin çox möhkəm xarakteri olub. O xarakterlə nəinki rəssam, kosmonavt da olmaq olardı. Əgər müharibə olmasaydı o, məqsədinə çatardı. Hər şeyi korlayan Birinci Dünya Müharibəsi və ona qədər gedən proseslər oldu.

S.B.: Mən Hitlerin bütün fəaliyyətinə bir rəssamın yaradıcılığı kimi baxıram. O, təpədən dırnağa qədər sənətkar idi. Hitlerin qadınlara münasibəti əsl sənətkar münasibətidir. Deyirdi ki, ağıllı, dərin, qarşısına böyük hədəflər, böyük məqsədlər qoymuş kişinin yanında olduqca primitiv qadın dayanmalıdır. Dəqiq deyib. Doğrudan da ağıllı olduğunu hesab edən, ağıla iddia edən qadın, dərin, ağıllı, qarşısına böyük məqsədlər, böyük hədəflər qoymuş kişinin nəyinə lazımdı? Qadın ona qədər saya bilsə, svetoforun rənglərini tanısa, bu ona bəs edər. Bundan artığı həm onun özünə, həm də ətraf mühitə, xüsusən ağıllı kişilərə ziyan verəcək. Ağıllı olduğunu hesab edən, ağıla iddia edən qadın, qarşısına böyük məqsədlər, böyük hədəflər qoymuş kişinin ancaq və ancaq əlinə-ayağına dolaşa bilər.

Fellini deyirdi ki, məni dünyada heç nə qadının iştahla yemək yeməsi qədər həyacanlandırmır. Bir balaca diqqətlə baxsaq görərik ki, Hitlerlə Fellininin qadınlara münasibəti mahiyyətcə tamamilə eynidir.

Hitlerin hətta intiharı da bir siyasətçinin, bir liderin intiharından daha çox, bir sənət adamının intiharına oxşayır. Rəssamlıq Akademiyasına daxil ola bilməyən Hitler elə bir “sənət əsəri” yaratdı ki, insanlar bu “sənət əsərini” qiyamət gününə qədər müzakirə edəcəklər. Hitlerin yaratdığı “sənət əsərini” insanlar qiyamət gününə qədər yaddan çıxara bilməyəcəklər. Hitler bəşər mədəniyyətinə neçə-neçə dahilər bəxş etmiş alman xalqını meymun kimi oynatdı. Səncə Hitler dahi idi, yoxsa onun şiddətlə parlamasını, insanların ona manyakcasına, zombi kimi pərəstiş etməsini tarix şərtləndirmişdi?

G.A.: Özünün dilindən çıxan söz var. Deyib ki, mən siyasətçi deyiləm, rəssamam. Bu sözü 1939-cu ildə deyib. Yəqin intiharına qədər öz fikrində qalıbmış. Əgər bu fikri səsləndirməsəydi səninlə razılaşmamaq olardı. Adam özünə rəssam deyirmişsə, deməli əməlli-başlı performans göstərib. İnsanların axmaqlığından istifadə edib, təcrübə aparırmış. Bu lap Serb rəssamı Marina Abramoviçin “Ritm 0” performansını yada salır. Sadəcə Marina Hitlerdən fərqli olaraq performansında əksini edir. Rəssam tamaşaçılara icazə verir ki, rəssama nə istəyirlərsə etsinlər.

Dahiliyə gəldikdə, mənim üçün dahi obraz müsbət anlam daşıyır. Auschwitz-dəki qaz kamerasını gözləri ilə görmüş adam kimi, o adı Hitlerə deyə bilmərəm. Onun yaradıcılığı bir növ iqtisadi terminlə desək “Yaradıcı dağıdıcılıq” olub. Bu adam dünyaya elə bir dağ çəkib ki, uzun zaman insanların yaddaşında qalacaq. Amma bu “sənət əsər”ini yaratmaqda məsuliyyətin təkcə Hitlerin üzərinə düşməsi, bir az haqsızlıq kimi görünür. Onu həvəsləndirən, ideyalarının həyata keçməsində birbaşa rolu olan Avropadır. Başda alman xalqı olmaqla, sosializmin yayılmasından qorxan kapitalist çevrədir. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Bunlar dincələn deyillər. Bir az vaxt keçsin, onsuz da o illərin şahidləri bitmək üzrədir. Onlar tam bitdikdən sonra gələcək nəsil məlumatı ancaq tarixi mənbələrdən, ədəbiyyatdan, filmlərdən alacaqlar. Bu isə popkorn yeyə-yeyə filmə baxmaq kimi bir şey olacaq. Hadisələrin ciddiliyi itəndən sonra bir də gördün yeni bir performans ustasını gətirdilər hakimiyyətə.

S.B.: Bunlar dedikdə kimləri nəzərdə tutursan? Almanları, yoxsa ümumiyyətlə avropalıları?

G.A.: Hitler avropadan çıxıb deyə, bu o demək deyil ki, bu hadisə ikinci dəfə də avropada təkrarlana bilər. Dəli hər yerdən çıxa bilər. İndi dünyanın demək olar hər yerində texnoloji sıçrayış baş verir. Süni intellekt cihazlarda dayanmadan inkişaf etdirilir. Bu gün artıq pilotsuz dronlar varsa, sabah uçan, qaçan, vuran, yıxan, nə bilim qışqıran döyüşçü robotlar yaradılacaq. Hətta artıq yaradılıb. Gəl indi qələmlə, fırça ilə çıx bunların qabağına görüm necə çıxırsan. Müasir fürerlərlə iş çətin olacaq.

S.B.: Sözlərindən belə başa düşdüm ki, dəhşətli faciələr görmuş Avropada hər hansı bir formada yeni bir Hitlerin zühur etməsi mumkundur.

G.A.: Hər şey mümkündür. Hər şey ola bilər. Mən artıq buna əlimin içi kimi əminəm. Baxma, bizlər bir xeyli hadisələrə şahidlik etdik. Day nələr baş vermədi? Qorxuram bu hələ jurnal olsun. Qarşıda bizi kərkədan yağışı da gözləyə bilər.

S.B.: Necə düşünürsən Hitler Almaniyasında yaşasaydın Hitlerin vəhşi cazibəsinin qarşısında dayanmağa gücün, iradən çatardımı?

G.A.: O dövrün Almaniyası təsəvvür edirəm necə dəlixana olub. Yəhudi olsaydım yəqin ki, heç bir şansım olmazdı. Düşərgəyə aparılan yerdə ürəyim partlayardı. Alman olsaydım isə imkan yaranan kimi ölkəni tərk edərdim. Hakimiyyətdə lap allah olsun, fərqi yoxdur, total sevgiyə, pərəstişə şübhəm var. Həm də total nə baş verirsə, mənə mənasız, darıxdırıcı gəlir.

S.B.: Tomas Mann, Herman Hesse, Bertold Brext kimi adamlar Hitlerin vəhşi cazibəsinin qarşısında dayanmağı bacardılar. Hitlerin vəhşi cazibəsi onların gözünü qamaşdırmadı. Etiraf edək ki, bu heç də asan məsələ deyil. Səncə onlar bunu necə bacardılar, niyə aldanmadılar, bu tükənməz gücü hardan alırdılar?

G.A.: Birinci Dünya Müharibəsində bir çox intellektuallar propaqandanın qurbanı olublar. Müharibənin nəticəsi Almaniya üçün çox faciəvi oldu. Agıllı, intelektual adamların başı sanki Əhlət daşına dəydi. Dərs götürən götürdü. Yazdıqları, dedikləri fikirlərə, inandıqları dəyərlərə xəyanət etdiklərini anladılar. Məsuliyyət daşıdıqlarını dərk etdilər. Hadisələrə təkcə öz xalqının gözü ilə deyil, bütöv bir bəşəriyyətin gözü ilə baxdılar. Mənə elə gəlir bu intelektuallar gücü bir-birlərindən alırdılar. Çoxlu məktublaşıblar. Məqalələr yazıblar. Özlərini bir-birlərinə ideoloji cəhətdən doğma sayıblar. Romen Rollan kimi adamla həmfikir olmaq daha doğru sayılmazdımı?

S.B.: Romen Rollan sözün həqiqi mənasında əjdahadır. Təssüf ki, onun “Jan-Kristof” əsəri hələ də Azərbaycan dilinə tərcümə olunmayıb. Fransız dilini lazımı qədər öyrənmisənsə “Jan-Kristof”a bir partiya girişməyi sənə tövsiyyə edirəm.

G.A.: Tövsiyənə görə təşəkkür edirəm. Çalışacam oxuyum.

S.B.: Azərbaycanlıların Hitlerə rəğbətini nə ilə, necə izah etmək olar? Mən qəsdən “orta statistik azərbaycanlı” ifadəsin işlətmədim. Çünki, ən müxtəlif təbəqələrə mənsub adamların dilindən Hitlerin ünvanına xoş sözlər deyildiyini eşitmişəm.

G.A.: Bunun izahı çox mürəkkəbdir. Hətta labirint kimidir. Azərbaycanlıların Hitlerə qarşı sevgisini izah edərkən o labirintdə aza bilərsən. Azərbaycanlıların Hitlerə qarşı sevgisinin sirrini axtararkən qarşına yeni bir sevgi çıxa bilər. Stalin sevgisi. 100 faiz əminəm ki, azərbaycanlıların arasında həm Hitlerə, həm də Stalinə eyni anda rəğbət bəsləyən minlərlə adam tapa bilərsən. Səbəbini soruşsan “ikisi də vətənini, xalqını sevirdi” deyib, səni tankla əzib keçər. Amma əslində həqiqət bu iki misrada gizlənib.

İstəyirəm səhvim üstə döy məni,

Əllərinə qurban olum, ay dədə.

S.B.: İşin qəribə tərəfi ondan ibarətdir ki, azərbaycanlılar deyirlər almanlar o vaxt Azərbaycanı tutsaydı indi “Mersedes” sürürdük. Halbuki Azərbaycanda hal-hazırda az qala hər beş adamdan biri “Mersedes” sürür. Hələ də novbəyə dayanmağı bacarmayan, hələ də növbəyə dayanmağı öyrənməyən, növbəni pozmağı fərasət, uğur kimi qiymətləndirən bir camaatın alman işğalını arzulaması… Bax bu, çox maraqlı məsələdir. Məncə azərbaycanlılar nizam-intizam arzusundadırlar. Sadəcə özlərini yaxşı tanıyırlar, bilirlər ki, məsuliyyətsizdirlər. Bilirlər ki, özləri öz başına heç cür, heç bir halda nizam-intizamlı ola bilməyəcəklər. Ona görə də istəyirlər ki, kimsə, hansısa qəddar, dəmir əl döyə-döyə, divarların qabağına düzüb gülləyərək, ölüm düşərgələrinə dəstə-dəstə göndərərək onlara nizam-intizamlı olmağı, ən azı növbədə dayanmağı öyrətsin. Ola bilsin səhv edirəm. Sən nə düşünürsən bu barədə? Yadımdadır bir dəfə Bakıda, marketdə kassanın qarşısında növbədə dayanmışdım. Bir nəfər həyasızcasına, sırtıqcasına növbəni pozdu. Yanımda dayanan adam dedi ki, bizə Hitler kimi bir adam lazımdır. Soruşdum, axı Hitler bizim nəyimizə lazımdır. Dedi ki, Hitler bizə ona görə lazımdır ki, növbəni pozan adamları yerindəcə it kimi güllələsin. Maraqlı yanaşma idi.

G.A.: Əlbəttə, fransızlar demiş: tres interessant. Bir şeyi də qeyd edim ki, azərbaycanlıların bir-birinə qarşı kini, nifrəti, paxıllığı inanılmaz dərəcədədir. Yəni ölkədə sərt bir hərbi diktatura rejimi qurulsa, ölüm hökmü yenidən bərpa olunsa, təsəvvür edirsən də nələr baş verər? Gücə yarınmaq üstündə tonlarla qan axıdarlar. Danoslardan, şər-böhtanlardan tərpənmək olmaz. Necə olmasa da otuzuncu illərin repressiyalarından xəbərimiz var. Heç bir şey də dəyişməyib.

S.B.: Təklif edirəm mövzunu bir az dəyişək.

G.A.: Olar.

S.B.: Hansı rəssamları özünə ruhən yaxın, doğma hesab edirsən?

G.A.: İndi elə bir rəssam yoxdur ki, ruhən özümə yaxın bilim. Gecə-gündüz onunla yatıb, onunla durum. Konkret kimisə deyə bilmərəm. Əvvəllər olsaydı kimlərinsə adını çəkə bilərdim. Çünki tanıdıqca, bir-bir öyrəndikcə təsir altına düşürsən. Sonra yenisini kəşf edirsən. Sonra başqasını. Amma müəyyən bir yerdə elə bil doyub dayanırsan.

Ümumi rəğbət bəslədiyim cərəyan və ya qrupların adını çəkə bilərəm. Məsələn, Barbizon məktəbinin nümayəndələri, Meksika Muralist böyük üçlüklər, Avstraliya aborigen rəssamlar, Dadaistlər…

S.B.: Nə demək istədiyini başa düşmədim, amma maraqlı idi…

Artıq kifayət qədər həyat təcrübən var. Səncə dahilər dünyaya dahi kimi gəlirlər, yoxsa sonradan dahi olurlar. Ümumiyyətlə dahi olmaq üçün nələri etmək lazımdı? Mən dahi olmaq istəyirəm. Məsləhətlərinə ehtiyacım var.

G.A.: Məncə bu asılıdır sənin harada doğulmağından, ətrafındakı insanlardan. Əgər, tutalım, Biləsuvarda doğulursansa, dünyaya dahi kimi gəlmək şansın sıfırın altında olur. Heç sonradan da dahi olmaq şansın qalmır. Yəni nə etsən xeyri olmur. Ona görə mənim məsləhətlərim səni çaşdıra bilər.

S.B.: Həyatda buraxdığın üç ən böyük səhvi deyə bilərsənmi?

G.A.: Səhvlər o qədər çoxdur ki, hətta onlar artıq səhvlikdən çıxıblar. Onları normal ömür yolu kimi qəbul etmək olar. Elə bir yerdə böyümüşük ki, hər şeyi səhv başa salıblar. Bağçada, məktəbdə, universitetdə… Hər yerdə sənə elə şeylər öyrədiblər ki, sənin gələcəkdə səhv etmək şansın 100 faiz olub. Və sən ömrün boyu səhv etməkdən bezib, səhvlərini düzəltməkdən yorulub, hər şeyi buraxırsan həyatın axarına. Öz bildiyin, sənə rahat olan həyatı yaşayırsan, birdən kimsə çıxıb başlayır ki, yox e, belə yaşamaq olmaz. Ocaq yiyəsi ol, ov ovla, quş quşla, kredit götür, özünə şərait qur, sonra da üstünə benzin tök, od vur yandır. Yekə-yekə adamlar sənə elə məsləhətlər verirlər ki, heç uşaq ağlı o səviyyənin yiyəsi olmur.

S.B.: Bilirəm ki, ədəbiyyatla aran yaxşıdır. Sənə təsir etmiş, yaddaşında xüsusi iz buraxmış on əsərin adını sadalamağını istərdim. Söhbət xarici ədəbiyyatdan gedir. Yerli ədəbiyyatla işin olmasın. Zatən yerli ədəbiyyatdan hansısa əsərin sənə təsir etməsi, yaddaşında xüsusi iz buraxması çətin məsələdir.

G.A.:

  1. Cek London “Martin İden”,
  2. Drayzer “Dahi”
  3. Viktor Hüqo “Səfillər”
  4. Çexov ” 6 nömrəli palata”
  5. Dostoyevski “İdiot”
  6. Qonçarov “Oblomov”
  7. Pier Qiyota “Beş yüz min əsgər üçün qəbir”
  8. Qorki ” Uşaqlıq”
  9. Knut Hamsun “Misteriyalar”
  10. Hesse ” Muncuq Oyunu”

S.B.: Təşəkkür edirəm.

G.A.: Buyur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun