Azərbaycanda məhkəmə hakimi dünyasını dəyişib. Ali Məhkəmənin hakimi İnqilab Nəsirov koronavirusdan vəfat edib.
Məlumata görə, o, bir müddət öncə koronavirusdan xəstəxanaya yerləşdirilib. 57 yaşlı İ.Nəsirov bu gün xəstəxanada dünyasını dəyişib. İ.Nəsirov 2011-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi idi.
O bir çox səs-küylü məhkəmə işlərində hakimlik edib. "Heykəl məhbusu" kimi tanınan Qiyas İbrahimin, keçmiş səhiyyə naziri Əli İnsanovun və bir neçə ictimai-siyasi fəalın kassasiya şikayətinə baxıb, onların əksəriyyətinin şikayətlərini təmin etməyib.
Həyatı
İnqilab Maşallah oğlu Nəsirov 3 sentyabr 1963-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kolanı kəndində anadan olmuşdur. 1980-1981-ci illərdə 26 Bakı Komissarı adına sovxozda fəhlə işləmişdir. 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1983-1986-cı illərdə 26 Bakı Komissarı adına sovxozda fəhlə işləmişdir. 1986-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1991-ci ildə həmin universiteti bitirmişdir.
1991-1992-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı 14 saylı hüquq məsləhətxanasında stajor vəkil, 1992-1994-cü illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı 14 saylı hüquq məsləhətxanasında vəkili, 1994-1997-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı 4 saylı hüquq məsləhətxanasında vəkil, 1997-2001-ci illərdə Bakı şəhəri 4 saylı hüquq məsləhətxanasının müdiri, 1998-2001-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, 2001-2003-cü illərdə Səbail Rayon Məhkəməsinin sədri, 2003-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi, 2004-2007-ci illərdə Azərbaycan Respublikası Apelyasiya Məhkəməsi sədrinin müavini, 2005-2007-ci illərdə Məhkəmə-Hüquq Şurasının üzvü, 2007-2010-ci illərdə isə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrində çalışmışdır.
2011-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi idi.
Ailəli idi, 2 övladı var.