"Vətən müharibəsi dövründə səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və səfərbərlikdən tərxis edilmiş şəxslər, eləcə də bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda bu geyimdən istifadə etməsi hallarının qarşısını almaq məqsədilə Müdafiə Nazirliyinin Hərbi polis bölmələri Bakı Qarnizonu və digər qarnizonlarda reydlər keçirir"
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamada deyilir ki, bəzi vətəndaşlar tərəfindən hərbi geyim formasını daşıma hüququnun pozulması müvafiq qanunvericiliyə ziddir.
Müdafiə Nazirliyi bildirir ki, hərbi geyim formasının daşınması “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamə və “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 25 iyun tarixli Fərmanı ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi geyim formasını qanunsuz daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi geyim forması müsadirə edilməklə 300 manatdan 500 manatadək cərimə edilir.
Qərar açıqlandıqdan sonra, cəmiyyətdə müəyyən çaşqınlıq və narahatlıq yaradıb. Belə ki, bəzi vətəndaşlar düşünürlər ki, qərar düzgün deyil.
Buna heç bir oraqan özü da icazə verə bilməz
Məsələ ilə bağlı 'Abzas'a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev deyir ki, hərbi geyimlərə fərqlənmə nişanlarının taxıldığını görürük, hərbi geyimlər mülki geyimlə sintez edilir, hər kəs istədiyi əlavələri edir.
Onun sözlərinə görə, bəzi hallarda da şəxs xidmət etmədiyi qoşun növünün baş geyimindən istifadə edir, səhra geyimində gəzir.
"Bununla bağlı Müdafiə Nazirliyi öz mövqeyini səsləndirib, lakin mən də qanunla icazə verilməyən şəxslərin bu formanı geyinməsinin əleyhinəyəm. Hətta buna heç bir orqan özü da icazə verə bilməz. Ona görə ki, bu məsələlər qanunla tənzimlənir. Əgər Müdafiə Nazirliyinin və başqa qurumların hərbi forma geyinməklə bağlı şəxslərə icazə verməsi uyğun bilinsəydi, Milli Məclis qanunu qəbul edəndə bunu da əlavə edərdi. Ona görə də insanlarımız bu məsələdə çox diqqətli olmalıdırlar", - deyə ekspert bildirib.
Ədalət Verdiyev deyir ki, xanımların və hərbi xidmətdə olmayan şəxslərin bu formanı geyinməsi isə həm hüquqi, həm də mənəvi baxımdan qəbuledilməzdir.
Qanun nə deyir?
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsində deyir ki, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.
Fərqlənmə nişanları nələrdir?
"Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçuların hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamənin" və "Azərbaycan Respublikası Silahlı qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri"-nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin fərmanına əsasən, fərqləndirmə nişanlarına aiddir: paqonlar, yaxa nişanları, döş və qol nişanları (jetonlar, tikmələr), baş geyimlərindəki nişanlar (kokardalar, emblemlər), paqon və yaxalıqlardakı nişanlar (emblemlər, ulduzlar və s.), kantlar və lampaslar. Bundan əlavə hərbi geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr və geyimin başqa detalları kimi digər xarici fərqləndirmə əlamətlərindən də həmin məqsədlərlə istifadə edilir.