Millət vəkili: "Elə bir yerdə adam basdırmaq qeyri-insani rəftardır"

Millət vəkili: "Elə bir yerdə adam basdırmaq qeyri-insani rəftardır"
26 Yanvar 2021
Mətni dəyiş

Artıq bir neçə gündür ki, sonuncu Qarabağ müharibəsində şəhid olmuş şəxslərin bəzilərinin yaxınları Bakıda etiraz aksiyaları keçirirlər. Onlar bildirirlər ki, şəhidlər Fəxri Xiyabanda yox, Qaradağ rayonunda bir xarabalıq ərazidə dəfn edilib. Görüntülərdən də görünür ki, şəhidlərin dəfn edildiyi ərazi qrunt suları ilə əhatə olunduğu üçün, sinə daşları zədələnib. 

Şəhid yaxınları bildirir ki, dövlət rəsmilərindən heç kim bu məsələni yoluna qoymaq istəmir. Onlar tələb edirlər ki, şəhid yaxınları İkinci Fəxri Xiyabanda basdırılsın.

"Elə bir yerdə adam basdırmaq qeyri-insani rəftardır"

Millət vəkili Eldar Quliyev deyir ki, nəyinki şəhidlərin, ümumiyyətlə heç bir şəxsin qrunt suları ilə əhatə olunmuş xarabalıq ərazidə dəfn edilməsi düzgün deyil. Onun sözlərinə görə, dəfn elə yerdə olmalıdır ki, oranın normal şəraiti olsun.

"Təkcə şəhidləri yox, ümumiyyətlə heç kimi qrunt suları ilə əhatə olunmuş ərazidə basdırmaq olmaz. Hər kəsin rəhmətə gedəni özü üçün vacibdir. Şəhidlərə isə ümumiyyətlə xususi həssaslıqla yanaşıplmalıdır. Mən şəhidlərin elə yerdə dəfn edilməsinin əleyhinəyəm. İnsanlar gedirlər, ziyarət edirlər ora. Şərait normal olmalıdır", - deyə Eldar Quliyev bildirib.

Millət vəkili deyir ki, şəhidlər arasında fərq qoymaq olmaz ki, general olub və ya əsgər.

Onun sözlərinə görə, elə bir yerdə adam basdırmaq qeyri-insani rəftardır.

"Mənim deputat olduğum Maştağadan 10-dan çox şəhid oldu və biz hamısını kəndin içində yaxşı yerdə dəfn etdik. Bu hər yerdə belə olmalıdır. Fərqi yoxdur şəhid olan şəxs general olub və ya əsgər, həssas yanaşmaq lazımdır. Allah uzaq eləsin, kim istəyər ölüsünə belə münasibət olsun? Bu şəxslər isə şəhiddirlər və xüsusi həssaslıqla yanaşmaq lazımdır", - deyə Millət vəkili Eldar Quliyev bildirib.

"Onların dəfni ilə əlaqədar bütün məsələlər yüksək səviyyədə həll olunmalıdır"

Qarabağ qazisi Asif Yusifli isə deyir ki, Şəhidlər xalqımızın qürur mənbəyidir. Onların dəfni ilə əlaqədar bütün məsələlər yüksək səviyyədə həll olunmalıdır.

Qarabağ qazisinin sözlərinə görə, bu mövzuda ən kiçicik narazılıq üçün belə yer qalmamalıdır.

"Əgər hər hansı məmur müqəddəs şəhidlərimizin ruhunu və ya onların ürəyi qana dönmüş ailələrini zərrə qədər incidirsə mütləq cəzalandırılmalıdır. Qələbəmizə əsl kölgə salanlar belə yarıtmaz məmurlardır", - deyə Qarabağ qazisi Asif Yusifli bildirib.

Asif Yusifli bildirib ki, ən təəccüblüsü isə ölkə rəhbərliyinin bu məsələlərə indiyə qədər reaksiya verməməsidir: "Yəni bir-iki məmuru cəzalandırmaq və onların buraxdığı səhvi düzəltmək belə çətindir?", - deyə o, sual edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun