Koronavirusun hərarət, öskürək, nəfəs darlığı və tənəffüs çətinliyi əlamətlərinə yenisi əlavə edilib. İngiltərədə aparılan araşdırmada ürək döyüntüsündəki artımın da yeni növ koronavirusun əlamətlərindən biri ola biləcəyi qeyd olunur.
Məlumata görə, mobil tətbiq vasitəsi ilə dünyanın müxtəlif yerlərindən 4 milyondan çox insanın məlumatları analiz edilib. Tədqiqatın nəticələri göstərib ki, virusun əlamətlərindən biri də nizamsız və yüksək sürətli ürək döyüntüsüdür.
Həkimlər ürək döyüntüsünün ölçülməsi zamanı səhvlərə yol verməmək üçün, ölçülmənin sakit bir yerdə və şəxs öncədən 5 dəqiqə istirhət etdikdən sonra aparılmasını təklif edir. Bu, stressin və yorğunluğun bədəndən çıxmasına kömək edəcək.
Koronavirusun əsas əlamətləri
Yeni koronavirus infeksiyasının simptomları arasında hərarət, öskürək, nəfəs darlığı və tənəffüs çətinliyi var. Daha ağır hallarda infeksiya sətəlcəm, kəskin tənəffüs çatışmazlığı, böyrək çatışmazlığı və ölümə səbəb olur.
Ən son açıqlanan statistika
Dünyada son sutkada 585 557 nəfər koronavirusa yoluxub, 11 632 nəfər ölüb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabtında bildirilib. Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 85 091 012 yoluxma hadisəsi, 1 861 005 ölüm faktı qeydə alınıb.
Son 24 saat ərzində yoluxmanın 44 faizdən çoxu Avropa (261 299) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerikanın (242 785), Cənub-Şərqi Asiya (28 584) bölüşür.
Son statistikaya görə, Azərbaycanda koronavirus infeksiyasına 799 yeni yoluxma faktı qeydə alınıb, 2 383 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 26 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 222 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 201 596 nəfər müalicə olunaraq sağalıb, 2 818 nəfər vəfat edib. Hazırda 17 786 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 364, bu günə qədər isə ümumilikdə 2 231 993 test icra olunub.