“Bu gün nəqliyyat sektorumuz həm müasirdir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir”.
Bu sözləri prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Prezidenti bildirib ki, eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq bizim qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir:
“Nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulub. Digər sahələrə gəldikdə, burada da müsbət dinamika, tərəqqi var.
Hesab edirəm ki, Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində bölgədə mərkəzi rol oynayır. Təsadüfi deyil ki, artıq dünya miqyasında böyük nüfuz qazanmış “Bakutel” sərgisi ənənəvi olaraq Bakıda keçirilir.
Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbərləri ilə mənim çoxsaylı görüşlərim onu göstərir ki, bizdə bu sahəyə qoyulan investisiyalara və yetirilən diqqətə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymət verilir.
Hesab edirəm ki, biz ölkə daxilində rabitə sahəsində bütün əsas məsələləri həll etmişik. İnternet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Hər kəs bilir ki, Azərbaycanda internet azaddır, heç bir senzura, heç bir məhdudiyyət yoxdur”.
"Verdiyim tapşırıq bəzi hallarda müəyyən müddətdən sonra icra edilmir"
Prezident İlham Əliyev yeni naziri qəbul edən zaman bildirib ki, ən müasir texnologiyalar Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir. Eyni zamanda, istedadlı insanların fəaliyyəti daha düzgün təşkil edilməlidir ki, Azərbaycan texnologiyaların istehsalçısı kimi də öz rolunu oynasın və öz sözünü desin.
"Məsələn, nə üçün biz, ictimai xidmətlər sahəsində texnologiyaları icad edən və ixrac edən ölkəyə çevrilə bilmişik? Çünki qarşıya düzgün hədəflər qoyulmuşdur, kadr təminatı düzgün seçilmişdir və Prezident tərəfindən bu sahəyə daim diqqət göstərilib.
Ancaq bu diqqət bütün qurumlar tərəfindən göstərilməlidir. Çünki mənim tərəfimdən verilən tapşırıq bəzi hallarda müəyyən müddət ərzində icra edilir, ondan sonra icra edilmir, ya da ki, unudulur, yaxud da hansısa başqa xoşagəlməz hallar meydana çıxır.
Ona görə dövlət qurumları, nazirliklər, dövlət şirkətləri mənim göstərişlərimi axıra qədər icra etməlidirlər və belə olan halda heç bir yerdə axsama olmayacaq".