Bu günlərdə sosial şəbəkələrdə fitnes müllimi kimi tanınan Kamil Zeynallının hərbi hissələrin birində çəkdiyi görüntülər birmənalı qarşılanmayıb.
Görüntülərdə Kamil Zeynallının əsgərlər üçün yardım apardığı hərbi hissədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının fitnes müəlliminin önündə sıraya düzülməsi əks olunub. Sosial şəbəkə istifadəçiləri görüntüləri tənqid ediblər.
Hərbi ekspert Ədalət Verdiyev deyir ki, əgər əsgərləri həmin mülki şəxs özü sıraya düzübsə, bu qətiyyən yolverilməzdir.
Onun sözlərinə görə, bu, həmin şəxsi heyətə cavabdeh olan komandanlığın boşluğundan irəli gəlib.
"Əgər sıraya düzən şəxs mülki şəxsdirsə, o kimdir ki, mən komandir olan yerdə əsgərlərimi sıraya düzsün? Əgər yardım gətirirsə, bunun üçün müvafiq standartlar var. O yardımı hərbi hissənin arxa cəbhə şöbələrinə verməlidir və bu şöbələr artıq yardımı hərbi qulluqçular arasında bölüşdürməlidir. Heç bir halda bu yardımın aparılması mülki şəxs tərəfindən şəxsi heyətin sıraya düzülməsinə və çəkiliş edilməsinə səbəb ola bilməz. Bu qadağandır", - deyə ekspert bildirib.
Ədalət Verdiyev deyir ki, amma o az ehtmial verir ki, mülki şəxsin tapşırığı ilə şəxsi heyət sıraya düzlsün.
Onun sözlərinə görə, o da ola bilər ki, əsgəri mülki şəxs yox, rəhbər heyət sıraya düzüb, bu araşdırılmalıdır.
"Bu ölkə hamı ilə bacardı, bircə Kamil Zeynallı problemi ilə bacarmadı. Kamil Zeynallı kim olur ki, mənim əsgərimi sıraya düzür? Yardım aparmısan, çox gözəl, ver hərbi hissəyə, hərbi hissə özü bölüşdürsün. Belə kiçik yardımlarla nə ordunun təlabatını ödəmək mümkün deyil, nə də ordunun ona ehtiyacı yoxdur. Piyar düzəldirlər. Amma təbii ki, insanlar yardım edə bilər. Əgər bu yaxşı niyyələ olursa, yardımlar hərbi hissənin arxa cəbhə şöbələrinə təhvil verilməlidir. Heç bir halda hərə qoltuğuna 5 qutu siqaret qoyub, ön xəttən şəkillər paylaşmamalıdır. Bu sui-istifadədir", - deyə Ədalət Verdiyev bildirib.
Hərbi ekspert onu da əlavə edib ki, bu görüntülər həm də təhlükəsizlik problemləri yarada bilər.
"Hərbi hissənin, hərbi texnikanın və şəxsi heyətin olduğu ərazilərin görüntüləri yayılmamalıdır. Çünki indiki texniki vasitələrlə o görüntüləri analiz edib, kordinatları müəyyən etmək bir neçə dəqiqənin işidir", - deyə, Hərbi ekspert Ədalət Verdiyev bildirib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi də məsələyə münasibət bildirib.
Nazirlikdən bildiriblər ki, Kamil Zeynallının Azərbaycan əsgərini sıraya düzməsi üçün heç bir səlahiyyəti yoxdur: "Adıçəkilən şəxsin Azərbaycan ordusunda heç bir vəzifəsi yoxdur və o, əsgərləri sıraya düzmək üçün heç kimdən icazə almayıb".