Dünyadakı böhran bölgələri və münaqişə bölgələri ilə bağlı təhlillər və həll təklifləri hazırlayan Brüsseldə yerləşən qeyri-hökumət təşkilatı, Beynəlxalq Böhran Qrupu (ICG) münaqişəli bölgələrlə bağlı 2021-ci ilin qiymətləndirməsini açıqlayıb.
Hesabata görə, dünya yeni ildə münaqişə bölgələri ilə yanaşı, bir çox sahədə, xüsusən də sağlamlıq və iqtisadiyyatda koronavirus epidemiyasının vurduğu ziyanla mübarizə aparacaq.
Beynəlxalq Böhran Qrupunun 10 maddə ilə sıraladığı münaqişə bölgələrində isə nəticələrə təsir edəcək ölkələrin Amerika, Rusiya və Türkiyə olduğu vurğulanıb.
Hesabatda sadalanan münaqişə potensialına sahib 10 bölgə aşağıdakılardır:
- Əfqanıstan
Beynəlxalq Böhran Qrupuna görə, Əfqanıstan hökuməti ilə bir vaxtlar ölkəyə böyük dərəcədə hakim olmuş radikal İslamçı Taliban arasında sülh prosesi ölkədə davamlı sülhün bərqərar olması üçün həyati əhəmiyyətə malikdir.
- Efiopiya
Efiopiyanın Diqray bölgəsindəki fərqli etnik qruplar arasındakı son qarşıdurmalara diqqət çəkən qrup, problemin həllinin yalnız dialoq yolu ilə mümkün olduğunu bildirib.
- Sahel bölgəsi
Sahara çölünün cənubundakı bölgədə fəaliyyət göstərən cihadçı qrupların etnik qarşıdurmalardan istifadə edərək Mali, Niger və Burkina Fasoda təsirlərini artırdıqlarını bildirən QHT, sözügedən bölgədə daha böyük qarşıdurmaların baş verəcəyini proqnozlaşdırır.
- Venesuela
Beynəlxalq Böhran Qrupu iqtisadi çöküş yaşadığını elan edən Cənubi Amerika ölkəsində daha pis hadisələrin qarşısını almaq üçün təcili olaraq hakimiyyət dəyişikliyinə ehtiyac olduğunu iddia edir.
- Liviya
Liviyanın 2021-ci ildə dünyanın ən vacib münaqişə nöqtələrindən biri olacağını ehtimal edən böhran qrupuna görə, xarici güclərin bu ölkədəki vətəndaş müharibəsinə müdaxiləsi sülhü çətinləşdirir.
- Somali
Şərqi Afrika ölkəsində uzun illərdir cihadçı əş-Şəbab təşkilatına qarşı aparılan mübarizənin ölkədəki gərginliyi artırdığını qeyd edən böhran qrupu, gələn il keçirilməsi planlaşdırılan seçkilərin münaqişə mühitini daha da pisləşdirə biləcəyini bildirir.
- Yəmən
Beynəlxalq Böhran Qrupu, 2014-cü ildən bəri davam edən vətəndaş müharibəsinə son qoymaq üçün Yəmən Prezidenti Abdurrabu Mansur Hadinin hökuməti ilə ölkənin cənubundakı müvəqqəti şura və husi polislərinin yenidən sülh danışıqlarına başlamalı olduğunu vurğulayır.
- ABŞ - İran
ABŞ-ın İrana tətbiq etdiyi və tətbiq etdirdiyi embarqoların nəticə vermədiyini bildirən qrup, Tehranın nüvə materialı yığmağa davam etdiyini və raket proqramını inkişaf etdirdiyini bildirir. Qrup ABŞ-ın yeni prezidenti Co Baydenin İranla 2015-ci ildə imzalanan nüvə sazişinə yenidən qoşulmasını tövsiyə edir.
- Türkiyə - Rusiya
Ankara ilə Moskvanın Liviya, Suriya və Dağlıq Qarabağ məsələsində fərqli tərəfləri dəstəklədiklərini vurğulayan böhran qrupu, iki ölkənin hələlik bu günə qədər razılığa gələ bildiyini, ancaq ola biləcək böyük fikir ayrılığının bu bölgələrdə münaqişələri daha da gərginləşdirə biləcəyini deyir.
- İqlim dəyişikliyi
Beynəlxaq Böhran Qrupunun siyahısındakı son məsələ qlobal istiləşməyə səbəb olan iqlim dəyişikliyidir. Təhlildə mövcud vəziyyətin münaqişələrin artmasına təsir göstərdiyi və zəngin ölkələrin kasıb ölkələrə bundan əvvəl kömək üçün vəd etdikləri 100 milyard dolları köçürmələrinin lazım olduğu bildirilib.