27 sentyabrda başlayan hərbi əməliyyatlardan sonra, Azərbaycan Ermənistanın işğal etdiyi torpaqların əsas hissəsini geri qaytarıb. Dağlıq Qarabağın bir hissəsi və ətraf yeddi rayonun işğaldan azad edilməsindən sonra əsas maraq doğuran məsələ də məcburi köçkünlərin öz torpaqlarına hansı formada köçürüləcəkləridir. Prezidentin və digər dövlət qurumlarının köçürmələrin könüllülük prinsipi əsasında aparılması ilə bağlı fikirləri olsa da, cəmiyyət bu məsələdə hələ də birmənalı düşünmür.
Məcburi köçkünlərin əksəriyyəti öz ata yurdlarına köçmək üçün səbirsizlənsələr də, bir qrupu müxtəlif səbəblərdən Bakıda qalmaq istəyir. Onlar bunu həm işləri, həm də həyat şəraitləri ilə əlaqələndirirlər.
Elə adamlar var ki, əslən qarabağlı olsalar da onlar Bakıda doğulublar, ailəlidirlər. Yoldaşları da Bakıda doğulub və hamısı Bakıda işləyirlər. Onlar Laçını, Şuşanı, Ağdamı görməsələr də, Bakıdakı evlərində 30 illik xatirələri var. Nə qədər doğrudur bu insanların məcburi şəkildə Qarabağa göndərilməsi?
Abzas.Net bu sualla Ağdamdan məcburi köçkün olan millət vəkili Aqil Abbasa müraciət etdi.
Aqil Abbas deyir ki, birmənalı şəkildə hər kəs öz ata yurduna qayıtmalıdır. Onun sözlərinə görə, burada heç bir səbəb keçərli olmamalıdır, bəzi istisnalardan başqa.
"İnsanın xatirəsi doğulduğu torpaqdır, atasının, anasının gen yaddaşıdır. Mən ümumiyyətlə 70-ci ildən Ağdamdan çıxmışam, təhsilimlə, işimlə əlaqədar Bakıda yaşamışam. Uşaqlarım da Bakıda doğulub. Amma onlar Ağdama getmək istəyir. Bütün günü soruşurlar ki, ata, nə vaxt Ağdama gedəcəyik?", - deyə o, vurğulayıb.
Aqil Abbas deyir ki,bu məsələnin qoyuluşu düz deyil ki, Bakıda xatirələri var. İnsanlar ata yurdlarına qayıtmalıdırlar, atalarının, babaların yaşadıqları torpaqlara. Hər kəs qayıtmalıdır torpağına.
"İndi demirəm kimsə icra hakimiyyətində bir işdə isləyir, onu məcbur göndərmək lazımdır Qarabağa. Amma o getməsə də, ailəsi, atası, anası getməlidir. Kimsə sahibkardirsa gedib bir obyekt də Qarabağda açmalıdır. Yeni, içi mən qarışıq hamı getməlidir Qarabağa", - deyə millət vəkili bildirib.
27 sentyabrdan başlayan hərbi əməliyyatlardan və bir çox ərazinin işğaldan azad edilməsindən sonra, 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan arasında atəşkəs bəyanatı imzalanıb. Bəyanata əsasən, işğalda olan Laçın, Ağdam və Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Bəyanatın 7-ci bəndində deyilir ki, Məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qaytarılmalıdır.