Ərdoğan şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfəri təsdiqlədi, Əliyev Ərdoğana zəng etdi

Ərdoğan şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfəri təsdiqlədi, Əliyev Ərdoğana zəng etdi
30 Yanvar 2021
Mətni dəyiş

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”u təsdiq edib.

Sənəddə Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində etibarlı sərhədkeçmə sənədlərinin siyahısı müəyyənləşib.

Həmin sənədlər aşağıdakılardır:

1. Azərbaycan Respublikasının diplomatik pasportu;

2. Azərbaycan Respublikasının xidməti pasportu;

3. Azərbaycan Respublikasının ümumvətəndaş pasportu.

4. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 saylı sənədinin və onun cari əlavələrinin standartlarına müvafiq olaraq maşınla oxunan və biometrik məlumatları ehtiva edən);

5. Azərbaycan Respublikası dənizçinin şəxsiyyət sənədi (gəmi heyətinin siyahısı və ondan çıxarış olduğu halda);

6. Dəmiryolu nəqliyyatı işçisinin şəxsiyyət vəsiqəsi 9 qatarların briqadası tərkibində hərəkət etdiyi təqdirdə);

7. Uçuş heyətinin şəxsiyyət vəsiqəsi;

8. Azərbaycan Respublikasının vətəndaşına rəsmiləşdirilən Azərbaycan Respublikasının qayıdış şəhadətnaməsi ( Azərbaycan Respublikasına qayıtmaq üçün Türkiyə Respublikasında yalnız müvəqqəti qalmaq, oradan tranzit keçmək və çıxmaq üçün).

Qeyd edək ki, Milli Məclisin fevralın 1-də keçiriləcək plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə qanunun layihəsi müzakirəyə çıxarılacaq.

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Dövlət başçısı Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı ilə bağlı Türkiyə Prezidentini təbrik edib.

Türkiyə Prezidenti təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları bu Mərkəzin fəaliyyətə başlamasının bölgədə uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunması işinə xidmət edəcəyinə əminliklərini bildiriblər.

Telefon söhbəti zamanı noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının icra olunduğu məmnunluqla qeyd edilib.

Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyi vurğulanıb.

Dövlət başçıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərində Türkiyə şirkətlərinin fəal iştirakından məmnunluqlarını bildiriblər.

Azərbaycan və Türkiyə prezidentləri həmçinin pandemiyaya qarşı mübarizədə qarşılıqlı dəstəyin önəmini qeyd ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun