Ötən ilin oktyabr ayında avtomobil qəzasından sonra komaya düşən hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailəsi etiraz əlaməti olaraq müalicəsi ilə bağlı Heydər Əliyev Fondunun dəstəyindən imtina edib.
Abzas xəbər verir ki, bu barədə Oktay Gülalıyevin oğlu Təbriz Gülalıyev açıqlama yayıb. O bildirib ki, ailə atası Oqtay Gülalıyevin Türkiyədə xərclərinin Heydər Əliyev Fondu tərəfindən qarşılanmasından imtina edib.
"Və həm yazılı, həm də şifahi olaraq atamın Azərbaycana qaytarılmasını istəmişik. Bəli, bu bir etirazdır. Çünki atamın 11 aydır bu durumda (komada) olmasına baxmayaraq heç bir istintaq işləri aparılmır.
Məhkəmənin başladılmaması üçün suni gecikdirmələr, bəhanələr gətirirlər. Gah pandemiya dövrü olduğunu, gah ailənin, gah da şəxsən Oqtay Gülalıyevin burada, yəni Azərbaycanda olmasının gərəkdiyini bildirdilər".
Təbriz Gülalıyev deyib ki, bütün bəhanələrin sonuna varmaq və atasının bu durumda olmasına səbəb olanların hüquqi müstəvidə cəzalandırılması üçün vətənə qayıdırlar.
"Əgər Bakıda da suni əngəl yaradılarsa, həqiqəti gizlətməyə cəhd edərlərsə hüquqi formada, sərt şəkildə etirazımız davam edəcək. Heç bir halda bu cinayət üstü örtülü qalmayacaq", - deyə Oqtay Gülalıyevin oğlu bildirib.