Bu günlərdə cəbhədə hərbi vəziyyətin gərginləşməsi fonunda Azərbaycanda hərbi səfərbərliyə hazırlıq hərəkətləri həyata keçirilir.
Ehtiyatda olan hərbi vəzifəlilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə yanaşı hərbi əməliyyatlarda istifadə oluna biləcək "Pikap" markalı avtomobillər də vətəndaşlardan toplanır.
Bir neçə vətəndaş bildirib ki, onların avtomobillərini yol polisi əməkdaşları saxlayıb və cərimə meydançasına aparıblar. Orada onlara bildirilib ki, avtomobillər hərbi əməliyyatlarda istifadə oluna bilər.
Bəs görəsən, vətəndaşın şəxsi mülkiyyəti hesab olunan avtomobillərin vətəndaşlardan toplanması qanunvericiliyə uyğundurmu?
"Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz"
Məsələ ilə bağlı hüquqşunas Zibeydə Zəkəriyyəyevə Abzas-a açıqlamasında bildirib ki, Konstitusiyanın 29.4-cü maddəsinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
"Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər".
Onun sözlərinə görə, qanunda açıq şəkildə deyilir ki, hətta dövlət ehtiyacları üçün mülkiyyət özgəninkiləşdiriləcəksə, mütləq qabaqcadan həmin əmlakın dəyəri ədalətli ödəmək şərti ilə olacaq.
"Birbaşa Konstitusiyanın tələbidir"
"Yəni əmlakın dəyərinin müəyyən edilməsi məhkəmə qərarı ilə mümkündür. Ona görə də belə bir halda dövlət konkret şəxslərin əmlakını məhkəməyə müraciət etmək yolu ilə özgəninkiləşdirə biləcək. Bu birbaşa Konstitusiyanın tələbidir".
Z.Zəkəriyyəyeva deyir ki, hərbi nəqliyyat vasitələrinin uçotu Qaydaları 1.2-ci bəndinə görə, hərbi nəqliyyat vasitələri dedikdə, Azərbaycan Ordusuna, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunmalı dəmir yolu, su, hava, boru kəməri, avtomobil, at-araba və yükdaşıyan heyvan nəqliyyatı, motosikletlər, traktorlar, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan nəqliyyat və digər maşın və mexanizmlər başa düşülür.
"Həmin qaydalara görə, hərbi nəqliyyat vasitələrinin uçotu nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlardan onların qeydiyyata alınması barədə, dövlət qeydiyyatına alınmayan hərbi nəqliyyat vasitələri üzrə isə yerli icra hakimiyyəti orqanlarından daxil olan məlumatlar əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrdə aparılır", - deyə hüquqşunas bildirir.
"Bu halın baş verməsi üçün rəsmi müharibə və ya səfərbərlik elan edilməlidir"
Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, bu halın baş verməsi üçün rəsmi müharibə elan olunmalı və ya səfərbərlik elan edilməlidir.
Onun sözlərinə görə, səfərbərlik (qismən və ya ümumi) elan edilməsi Konstitisiyanın 109-cu maddəsinə əsasən prezidentin səlahiyyətindədir. Prezident belə bir sənəd imzalamayıb.
"Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında Qanunda isə "səfərbərlik" və "səfərbərlik hazırlığı" anlayışları müharibə dövründə dövlətin tələbatının və əhalinin ehtiyaclarının ödənilməsi məqsədilə reallaşır. Ölkədə səfərbərlik elan edilmədiyi kimi müharibə də elan edilməyib və bu məqsədlə hüquqi sənəd imzalanmayıb. Odur ki, belə hal baş verirsə bu hüquqa zidd davranışdır", - deyə hüquqşünas Ələsgər Məmmədli bildirib.
"'Pikap' tipli avtomobillər postlarda saxlanılır və bu haqda sahiblərinə məlumat verilir"
Daxili İşlər Nazirliyi də məsələyə münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Nazirlər Kabinetinin 2006-cı il 4 aprel tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi nəqliyyat vasitələrinin uçot qaydaları"na əsasən silahlı birləşmələrə və xüsusi birləşmələrə vaxtında, keyfiyyətli və tam həcmdə təqdim edilməsi məqsədilə hərbi nəqliyyat vasitələrinin texniki vəziyyətinin plan üzrə Dövlət Yol Polisi və nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan digər təşkilatlar ilə birlikdə yoxlanılması nəzərdə tutulur.
"'Pikap' tipli və texniki imkanları onlara uyğun olan digər xüsusi təyinatlı nəqliyyat vasitələri Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıdakı yüksək keçidli avtomobillərin kateqoriyasına aid olduqlarına görə həmin nəqliyyat vasitələrində yolsuzluq şəraitində istismar sistemlərinin texniki müayinəsi, nəqliyyat vasitələrinin uçot-qeydiyyat göstəricilərinin dəqiqləşdirilməsi və istifadə olunduqları ərazinin (şəhər, qəsəbə, kənd) müəyyən edilməsi məqsədilə stasionar postlarda saxlanılır və bu haqda sahiblərinə məlumat verilir".