Dəyişiklik sadəcə dekorativ ağac effekti verəcək
Xeyli vaxtdır Azərbaycan siyasi gündəmində “Köhnə-yeni komanda” fikirlərinə tez-tez rast gəlirik. Guya Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə mühüm dövlət postlarının əksəriyyəti, eyni zamanda Milli Məclisin deputatları köhnə komandanın üzvləri idi. Yəni Ramiz Mehdiyevin patrionajlığı altında fəaliyyət göstərirdilər. Dövlət siyasətini və mühüm qərarları daha çox bu şəxs verirdi.
Son iki ildə isə vəziyyət guya ki dəyişib. Yeni komanda gəlib, yeni idarəetmə tətbiq olunur. Və köhnə komandanın üzvləri getdikcə dövlət postlarından, siyasi səhnədən uzaqlaşdırılırlar. Bir sözlə, guya köhnə fikirli insanlar yola salınır və onları yeni fikirli insanlar əvəzləyir. Bu təbliğat, dediyim kimi, siyasi cameədə bir çox şəxs tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılır və görünən odur ki, bir çox insan da artıq bu təbliğat maşınının qurbanına çevrilib.
Amma əslində olan nədir?
Mənə görə heç nə dəyişməyib ölkədə. Nə idarəetmədə, nə düşüncədə, nə də kadrlarda dəyişiklik var. Elə köhnə adamlarla, köhnə fikirli adamlarla, bəziləri yeni olsa da köhnə düşüncə, köhnə idarəetmə və əvvəldən qurulmuş sistem üzrə ölkə həyatına davam edir.
İndi dediklərimi faktlarla yazım.
Misal üçün, bu ilin fevralın 9-da keçirilmiş Növbədənkənar Parlament Seçkilərinə bir çoxunun böyük ümidləri vardı ki, nəhayət, yeni adlar, yeni üzlər, yeni düşüncəli insanlar görəcəyik. Nəticə nə oldu? Parlamentə seçilmiş, daha doğrusu, təyin olunmuş deputatların 77 nəfəri elə köhnə deputatlar idilər. Nə dəyişdi ki? Elə bu boyda həngamə 44 nəfərə görə idi? Guya indi bu köhnə deputatlar yeni komandadır? Yoxsa belə rahatlıqla komanda, qrup, klan dəyişə bilirlər?
Deyə bilərsiniz ki, görmədiz, həmin köhnə deputatlar son günlər sədaqətlərini göstərmək üçün köhnə patronajları olan Ramiz Mehdiyevi “ağ yuyub, qara sərmək” üçün sıraya düzülmüşdülər? Elə məsələ də burdadır. Onlar əvvəllər də Prezident Administrasiyasından tapşırıq alıb, kimlərisə yıxıb sürüyürdülər, indi də yenə Prezident Administrasiyasından sifariş alıb, Ramiz Mehdiyevi yıxıb sürüyürlər. Yəni, düşüncə tərzi və sifariş verən ünvan dəyişməyib. Və burada sədaqət məsələsi də ortaya çıxır. Demək ki, bu sahədə sədaqət məsələsi ön planda deyil. Yəni, sabah hakimiyyətdə kimlərsə dəyişsə, bu adamlar onların sifarişi ilə indikilər haqda da rahatlıqla qara piarda iştirak edə biləcəklər.
Prezident Administrasiyasından söz düşmüşkən. Çox da uzaq olmayan keçmişdə Prezident Administrasiyasının strukturunda da dəyişikliklər edildi. Bir çox şöbə ləğv edildi, bir neçəsi birləşdirildi, bir neçəsi bir-birindən ayrıldı. Prezidentin köməkçiləri dəyişdi. Ölkə mediasını və eyni zamanda vətəndaş cəmiyyətini pis günə qoyan Əli Həsənov işdən çıxarıldı və onun rəhbərlik etdiyi şöbə ləğv edildi. Amma bu sahələrdə müsbətə doğru hansısa dəyişikliklər baş verdimi? Yazını uzatmamaq üçün QHT sektoru, vətəndaş cəmiyyəti haqda yazmayacam. Mənsub olduğum media sahəsində isə hansısa müsbətə doğru dəyişikliyin şahidi olmadım. Yenə hakimiyyətin yandaş mediası Prezident Administrasiyasından gələn tapşırıqlara baxır, media həmin qurumdan idarə olunur. Əli Həsənov yola salınsa da, illərdir onun əlinin altında çalışan kadrlar yenə onun qurduğu, yürütdüyü siyasətlə medianı idarə edirlər. Nə dəyişdi ki?
Yenə keçim faktlara...
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsində müavin, mətbuat və informasiya orqanları il iş üzrə cavabdehlik daşıyan Vüqar Əliyev hələ də Prezident Adminsitrasiyasındadır və hələ də mediaya nəzarət edir. Vüqar Əliyevin təqdimatı və tapşırığı ilə hakimiyyətin yandaş mediasında kimlərsə işə təyin olunur, onun qaralaması ilə kimlərsə işdən çıxarılır. Mediada kimlərsə haqqında sifarişli yazılar verilir və ya onun tapşırığı ilə hansısa yazılar saytlardan çıxarılır. Vüqar Əliyev və onun komandası hələ də sosial şəbəkələrdə hakimiyyətin yandaş mediasında çalışan əməkdaşların, eləcə də digər jurnalistlərin sosial şəbəkələrdə yazdıqlarının monitorinqini aparır. Yeri gələndə onları cəzalandırır, yeri gələndə mükafatlandırır. Elə mükafat demişkən, bu yaxınlarda Milli Mətbuat günündə Prezidentin Fərmanı ilə ad və digər mükafatlar alan jurnalistlərin siyahısını da deyilənlərə görə bu şəxs hazırlayıbmış. Bir sözlə, ölkənin media siyasəti hələ də Əli Həsənovun və onun siyasətinin sadiq kadrı olan Vüqar Əliyevin əlindədir. Budur dəyişiklik? Əli Həsənov gedə bilər, onun qoyduğu kurs, siyasət ki dəyişmədi?!
Gələk medianın özünə. Götürək dövlətin boynuna böyük bir yük kimi oturaraq büdcədən maliyyələşən və hakimiyyətin təbliğatçısı rolunda çıxış edən, qocaman media orqanı olan “Azərtac”ı. Rəsmi olaraq Azərbaycan Dövlət İnformasiya Agentliyini. Siz bu informasiya agentliyinin fəaliyyətində son vaxtlar hansısa dəyişiklik görürsüzmü və ya bu Dövlət İnformasiya Agentliyinə rəhbərlik edən şəxslər dəyişdirildimi? Şəxslər dəyişdirilmirsə, eyni düşüncə ilə idarə olunursa, dəyişiklik hardan olsun ki?
2002-ci ildən Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə heyətinin sədri Aslan Aslanovdur. Vaxtı ilə Ramiz Mehdiyevin kadrı hesab olunurdu. Onu tanıyan adamlar deyir ki, Ramiz Mehdiyevə o qədər bağlı idi ki, onun icazəsi olmadan “bir qurtum su da içməzdi”. Prezident Administrasiyasından gələn bütün tapşırıqları canla-başla yerinə yetirərdi. İndi də heç nə dəyişməyib. Bu gün nə Ramiz Mehdiyev yerindədir, nə də Əli Həsənov. Amma dediyim kimi, onlardan qalan köhnə kadrlar hələ də bu informasiya agentliyinin fəaliyyətini rahat şəkildə təftiş edə, hətta idarə edə bilirlər. Ramiz Mehdiyev əvvəlki vəzifəsində olmasa da, Aslan Aslanovun ona bağlılığı qalmaqdadır. Buna “vəfa borcu” da demək olar. Belə ki, Prezident Administrasiyasının keçmiş rəhbərinin yazıları bir çox halda eksklüziv olaraq ilk dəfə məhz həmin informasiya agentliyində dərc olunur. Hətta bəzən Aslan müəllim hər iki komandaya sadiqlik nümayiş etdirmək üçün ikili oyun oynayır. Necə? Kiçik bir eksperiment ilə deyim.
Ötən ayın 28-də Ramiz Mehdiyevin “Azərtac”-da “Akademik Ramiz Mehdiyev: Dünya erməniliyinin aqressiv hücumları ilə üzləşdiyimiz bir vaxtda ictimai rəyi çaşdırmaq qətiyyən yolverilməzdir” başlıqlı məqaləsi dərc olunur. Bütün media orqanları “Azərtac”a istinadən həmin məqaləni dərc edirlər və həmin məqalə geniş müzakirələrə səbəb olur. Məlum qumar daşı söhbətinə görə. Bir gün sonra isə həmin yazı hakimiyyətin sözünə baxan bütün media orqanlarından çıxarılır. Çox güman yenə Prezident Administrasiyasından gələn tapşırıqla. Amma indi “Azərtac”ın saytında həmin məqaləni axtarışa verəndə tapmaq olmur. Amma GOOGLE axtarış sistemində axtaranda, eləcə də ərinməyib “Azərtac”ın öz saytında məqalənin dərc olunduğu tarixdə dərc olunmuş yazılara baxanda onu yenidən tapıb oxumaq mümkündür. Bir sözlə, Aslan müəllim Prezident Administrasiyasındakı tapşırığı verən şəxsin sözünə qulaq asaraq yazını saytdan silmiş kimi göstərir, həm də hələ ayaqda olan keçmiş patronajına sadiqlik göstərərək məqaləni saytdan silmir, sadəcə gizlədir. Yəni Aslan müəllim üzdə yeni komandaya, əslində isə köhnə patronajına belə xidmət göstərir.
Yeri gəlmişkən, Ramiz Mehdiyevin və Əli Həsənovun tapşırığı ilə “Azərtac”a yerləşdirilən digər kadrlar da hələ də yerindədir. Bəziləri xarici müxbir kimi bu gün də xaricdə oturub, heç bir iş görmədən, bir cümlə belə yazmadan sadəcə dövlətin onlar üçün yaratdığı vəsaitdən və şəraitdən yararlanıb, “bəy balası” kimi ömürlərini sürürlər. Əşşi, dövlətin puludur da. Niyə başqaları yesin ki? Elə Ramiz Mehdiyevin, Əli Həsənovun yaxın ətrafındakı olan insanların övladları, qohumları, tanışları yesinlər. Maraqlısı budur ki, Ramiz Mehdiyev və Əli Həsənov bu gün əvvəlki postlarında olmasalar da, onların vaxtı ilə təyin etdirdikləri kadrlar hələ də öz “işlərinin” başındadırlar. Aslan müəllim də onlara bu vaxta qədər “gözün üstə qaşın var” deməyib. Sonra da deyirik Azərbaycanın xaricdəki təbliğatı niyə belə zəifdir?
İndi keçək vəzifəsindən çıxarılmış, bir çoxunun dili ilə desək, “köhnə komandanın vurulmuş” kadrlarına. Guya həmin şəxslər vəzifədən uzaqlaşdırıldıqdan sonra güclərini tamam itirdilər? Elə götürək Abel Məhərrəmovu.
Abel Məhərrəmovun bu günlərdə bir çox media orqanlarında bizneslərinin və mülklərinin siyahısı dərc olundu. Daha təkrarçılıq edib burda da yazmaq istəmirəm. Bu qədər var-dövləti olan adam gücdən düşmüş hesab oluna bilərmi? Onun itirdiyi sadəcə vəzifəsi olub. Amma bu gün evində oturub hakimiyyət pillələrində təmsil olunan yaxın qohumlarının dəstəyi ilə öz biznesini və həyatını sürür. Bu gün hökumətin çıxardığı qərarları çeynəyərək toylara gedir, ispaniyadan gətizdirdiyi şərabla köhnə patronajının şərəfinə tostlar deyir. Yeri gəlmişkən, nahaqdan qohumlarının dəstəyi demədim. Çünki Abel Məhərrəmovun yaxın qohumları hələ də vəzifədədirlər. Məsələn, İspaniyada şərab biznesində adı hallandırılan Abel Məhərrəmovun oğlu Anar Məhərrəmov hələ də həmin ölkədə Azərbaycanın Fövqəladə və səlahiyyətli səfiridir. Xarici işlər nazirinin də dəyişməsinə baxmayaraq Anar Məhərrəmov hələ də öz biznesinin və işinin başındadır. Abel Məhərrəmovun bir qardaşı Rauf Məhərrəmov hələ də Ədliyyə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisidir. Digər qardaşı Adil Məhərrəmov hazırda Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini vəzifəsində çalışır. Budur “vurulmuş kadr”?
Bu kimi adamlar sarmaşıq kimi illərdir hakimiyyətin içinə doğru sarılıblar. Sarmaşığın isə bir budağını kəsəndə yerinə daha çox pöhrələyir. Sarmaşıqdan qurtulmaq üçün isə onu köklərindən çıxarıb atmaq lazımdır. İndi idarəetmədə yenilik, sistemdə dəyişiklik istəyənlər öz istəklərində səmimidirlərsə, həmin sarmaşıqların yerinə bəhrə verən ağaclar əkməlidirlər. Əks halda, köhnə idarəetmə, elə köhnə sistem olacaq. Yeni kadrlar, amma köhnə idarəetmə üsulları ilə heç bir dəyişiklik olmayacaq. Dəyişiklik sadəcə dekorativ ağac effekti verəcək.
Nəysə, deyəsən çox uzun yazdım. Əsas nəticədir. Görək nəticə çıxaran olacaqmı?
Kamran Mahmudov Meydan TV