Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) özəl ümumölkə teleradio yayımçılarına maliyyə yardımının ayrılması ilə bağlı qərar qəbul edib.
Şuranın açıqlamasında deyilir ki, prezidentin ehtiyat fondundan MTRŞ-ə ayrılan üç milyon manat vəsaitin özəl ümumrespublika teleradio yayımçılarının arasında bərabər bölünməsi qərara alınıb:
1. “Lider TV və Radio Azərbaycan” MMC – 500.000 manat 2. “Xəzər TV” MMC – 500.000 manat 3. “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası – 500.000 manat 4. “ARB 24” MMC – 500.000 manat 5. “Space Müstəqil Teleradio Şirkəti” MMC – 500.000 manat 6. “Real Təhlil İnformasiya Mərkəzi” MMC – 500.000 manat
Qərarın maraqlı hissəsi ondan ibarətdir ki, Lider TV bu ilin iyunun 16-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiası əsasında Bakı Kommersiya Məhkəməsinin qərarı ilə müflis elan edilib.
MRTŞ-nin qərarında isə deyilir ki, “Lider TV və Radio Azərbaycan” MMC-nin müflis elan olunması barədə məhkəmə prosesi davam etdiyi üçün “Lider TV və Radio Azərbaycan” MMC-yə ayrılmış beş yüz min manat vəsaitin dörd yüz min manatının birbaşa MRTŞ tərəfindən “Azərkosmos” ASC və “Radio-televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyi”nə ödənilməsi, yüz min manatının isə “Lider TV və Radio Azərbaycan” MMC-nin texniki imkanlarının artırılması məqsədi ilə onun öz xəzinə hesabına köçürülməsi məqsədəuyğun sayılıb.