Rəsulzadənin şəklinə görə ictimai fəal 10 sutka həbs olundu (yenilənib)

Rəsulzadənin şəklinə görə ictimai fəal 10 sutka həbs olundu (yenilənib)
27 İyun 2020
Mətni dəyiş

Yeni növ koronavirus infeksiyasından qorunmaq üçün istifadə etdiyi maskanın üzərinə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından Məhəmməd Əmin Rəsulzadənin şəklini vurmuş ictimai fəal Cavid Məmmədzadə həbs olunub.

Əldə etdiyimiz məlumata görə, iyunun 27-də Sumqayıt Şəhər Məhkəməsində ictimai fəal barəsində 10 günlük inzibati həbs qərarı çıxarılıb.

C.Məmmədzadə İnzibati Xətalar Məcəlləsinin 211 (epidemiya əleyhinə rejimin, karantin rejiminin pozulması) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib.

***

"Rəsulzadənin şəkli olan maska paylaşımımla bağlı Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olundum. Rəsulzadəni SSRİ silə bilmədisə, siz heç yaxın dura bilməzsiz. Elə o maskanı taxıb ora gedəcəm". 

Bu sözləri ictimai fəal Cavid Məmmədzadə sosial şəbəkədə hesabında son paylaşımında yazıb. Yaxınlarının sözlərinə görə, o iyunun 26-da polisə gedib, amma onu buraxmayıblar.

Məlumata görə, ictimai fəal bu gün - iyunun 27-də inzibati ittihamla hakim qarşısına çıxarılacaq.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələ ilə bağlı açıqlama verib.

O, bildirib ki, vətəndaş Cavid Məmmədzadənin maskanın üzərində Rəsulzadənin şəklinin olmasına görə saxlanılması yalan məlumatdır:

"Birincisi, hörmətli bir şəxsiyyətin fotosunun mikroblarla dolu parçanın üzərinə vurulması Rəsulzadəyə hörmətsizlikdir. Çünki gigiyenik qaydalara uyğun olaraq, bir neçə saatdan sonra o maskanı çıxarıb zibil qabına atmalıdır. Məgər bu, Rəsulzadəyə hörmət əlamətidir?"

Polisin sözçüsü deyib ki, Cavid Məmmədzadə xüsusi karantin rejimi qaydalarını pozduğuna və bu zaman polisin qanuni tələbinə tabeçilik göstərmədiyini görə saxlanılıb.

"O, küçədə gəzərkən polis əməkdaşları tərəfindən icazəsinin olub-olmaması yoxlanılıb. Bu zaman məlum olub ki, icazənin müddəti saat yarım əvvəl başa çatıb. Bu barədə ona irad bildirəndə həmin şəxs polisin yanından uzaqlaşıb çıxıb getmək istəyib, onu dayanmağa dəvət etsələr də, bu əmrə tabe olmayıb".

Ehsan Zahidovun sözlərinə görə, Cavid Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış materiallarla əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə göndərilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun